
BAKI, 22 fevral. TELEQRAF
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistanda revanşistlərin aktivləşməsi, radikalların siyasi arenaya qayıtması sülh və təhlükəsizlik üçün hansı təhdidlər yaradır?
- Ermənistanın sabiq prezidenti, hərbi canı Robert Köçəryan yanvar ayının 17-də keçirdiyi mətbuat konfransında bir çox məsələlərə dair iddialar səsləndirib. Əslində bu, onun yenidən siyasətə qayıtmaq niyyəti kimi də qiymətləndirilə bilər. Azərbaycan tərəfindən ermənilərin nə vaxtsa, III Qarabağ müharibəsinə başlayacaqları ilə bağlı fikirlər səslənirdi. Görünən odur ki, erməni tərəfi bunun üçün uyğun geostrateji şərtlərin yetişməsini gözləyir. Bu mənada keçmiş hərbi cani Robert Körçəryan hesab edir ki, Rusiya-Ukraya müharibəsinin başa çatmağa doğru getdiyi bir vaxtda, Moskvadan dəstək almaqla Azərbaycana qarşı yenidən revanşist müharibəyə başlaya bilərlər. Əslində o, yeni müharibənin anonsunu da vermiş oldu. Verdiyi müsahibəsində qeyd etdi ki, “Qarabağ ermənilərinin geri qayıtması üçün hazırda əlimizdə olan yeganə tutarlı sənəd 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış bəyanatdır. Çünki burada Qarabağ ermənilərinin təhlükəsizliyindən və müdafiəsindən söhbət gedir”. Sözsüz ki, bu, sadəcə olaraq Robert Köçəryanın fikri deyil. Rusiyada mövcud olan qisasçı, siyasiləşmiş hərbi elitanın da mövqeyi ifadə olunur. Bu kimi yanaşmalar gərginliyi artıracaq. Məqsəd Azərbaycana təhdid yaratmaqdır. Ermənistan sürətlə silahlanır. Mümkündür ki, qarşıdakı mərhələdə Ermənistanda radikal siyasi proseslər cərəyan etsin. Bunun nəticəsi olaraq, Ermənistan yenidən təhdidkar və işğalçılıq niyyətindən addımlar atacaq bir ölkəyə çevrilsin. Bu mənada revanşistlərin fəallaşması region üçün yaxşı heç nə vəd etmir. Erməni tərəfinin bu mövqeyi Cənubi Qafqazda yenidən müharibənin alovlanması riski yaradır.
- Ermənistan ərazisindəki Avropa İttifaqının mülki “missiyası”nın Azərbaycanla delimitasiya olunmamış ərazilərdə qalması ilə bağlı açıqlamalar var. Şərti sərhəddə üçüncü qüvvələrin olması sizcə, hansı təhdidlərin qarşısını almaq üçündür?
- Azərbaycana qarşı aqressiv mövqedə dayanan Fransa bu gün heç də Ermənistandakı radikallardan geri qalmır. Hətta radikal olmayanları belə Azərbaycana qarşı radiakallaşdırır. Avropa İttifaqının Azərbaycan-Ermənistan arasındakı şərti sərhəddə yerləşdirilməsi də Fransanın təşəbbüsüdür. Delimitasiya edilmiş sərhəd xəttində Aİ-nin “missiyası” o deməkdir ki, iki ölkə sərhəddi boyunca bu proses başa çatana qədər onlar ərazidə qalacaq. Təqribən 1000 km-lik sərhəd xəttində delimitasiya və demarkasiyanın başa çatması üçün isə bəzən onilliklər lazımdır.
- Rusiyanın bölgədə baş verən proseslərə münasibəti necədir?
- Nikol Paşinyan əslində Aİ-nin “missiya”sının tərkibini genişləndirib onlara bölgədə qalmaq üçün daimi “status” verilməsini istəyir. Bununla Azərbaycana qarşı üçüncü bir güc kimi daha böyük təhdid mənbəyi yaratmaq niyyətləri var. Bütün bunlara baxmayaraq, “missiya”nın bölgədə uzun müddət qalacağı ehtimalı azdır. Rusiya-Ukrayna cəbhəsində proseslərin fərqli istiqamətdə inkişafı fonunda rəsmi Moskva Aİ-nın “missiya”sının bölgədə uzun müddət qalmasına göz yummayacaq. Artıq Rusiya tərəfindən bununla bağlı müəyyən mesajlar verilir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Avrasiya Birliyinin” yaranmasından danışıb. Əgər belə bir birlik yaradılacaqsa, Rusiya yenidən regionda özünü əsas güc kimi görmək niyyətində olacaq. Bu halda Avropa İttifaqının Ermənistandakı “missiya”sının da fəaliyyəti başa çatacaq. Fransa və Aİ-nin Ermənistanda bu cür davranmasına Rusiya izin verməyəcək.
- Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması region üçün nə vəd edir?
- Bu sözsüz ki, region üçün müəyyən təhdidlər yarada bilər. Azərbaycandan da müəyyən güzəştlərin istənilməsi ehtimal edilir. Bu, heç də arzu olunan bir hal deyil. Ona görə də hazırda vəziyyət bu qədər gərgin və təhlükəlidir.