BAKI, 21 fevral. TELEQRAF

Səhhətimə görə, son zamanlar ev şəraitindəyəm, müayinələrim davam edir. Bir neçə il əvvəl əməliyyat olunmuşam. Eyni zamanda bu müddətdə bir neçə kitab üzərində işləyirəm.

Bu sözləri Teleqraf-a açıqlamasında ləğv edilmiş Azad Demokratlar Partiyasının sədri Sülhdəddin Əkbər deyib.

Partiya sədri üç cildlik kitab yazmaqla bağlı qarşısına vəzifə qoyduğunu bildirib: “Kitabın ümumi adı “Dövlət ağlı”dır. Artıq iki cildi çap olunub. Burada adlar fərqlidir. Birinci, ikinci cildlər başqa adla nəşr edilib”.

“Üçüncü kitab üzərində çalışıram. Allahın köməkliyi ilə səhhətim imkan versə, sonuncu kitabı yekunlaşdıracam. Milli siyasətin əsasları, dövlət siyasətindən bəhs edən kitab yazıram”, - Sülhəddin Əkbər söyləyib.

Qeyd edək ki, Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. 1992 – 1993-cü illərdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində birinci müavin olub. 2014-2023-cü illərdə fəaliyyət göstərmiş Azad Demokratlar Partiyasına sədrlik edib.