
BAKI, 20 fevral. TELEQRAF
II Qarabağ müharibəsindən sonra Ermənistanda bəzi qüvvələr revanşizmə can atır. Bu xüsusda keçmiş hərbi canilərdən biri olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan daha aktiv görünür. Bu gün onların artan “fəallığı” yenidən hakimiyyətə qayıtmaq niyyəti ilə bağlıdır.
Bu sözləri Teleqraf-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədri bildirib ki, Ermənistandakı revanşist qüvvələrin arxasında erməni diasporu dayanır:
“Diaspor erməni faciələrinin artmasında maraqlıdır. Ermənistandakı bu qruplar Rusiya hərbi kəşfiyyatının əlaltısıdır. Yenidən vəziyyəti gərginləşdirmək Rusiyanın maraqlarına xidmət edir”.
Asim Mollazadəyə görə, revanşistlər heç nəyə nail ola bilməyəcək:
“Ermənistan silahlı qüvvələrinin imkanları yoxdur. İstənilən yeni hərbi təxribat onlar üçün faciə ilə yekunlaşacaq. Bütün bunlara baxmayaraq, məqsəd gərginliyi artırmaq və sabitliyi pozmaqdır”.
“Revanşistləri yeni təxribatlara təhrik edən qüvvələr də çətin durumdadır. Cənubi Qafqazda sabitliyi pozmaqla Rusiya-Ukrayna müharibəsindən diqqəti yayındırmaq niyyətləri var”, - deputat bildirib.
Qeyd edək ki, fevralın 17-də Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında revanşizmə xidmət edən açıqlamalar verib.
Xatırladaq ki, Robert Köçəryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalının, Xocalı soyqırımı və digər hərbi cinayətlərin əsas müəlliflərindən biridir. Bu qanlı əməllərinə görə onun barəsində Azərbaycanda cinayət işi açılıb.