BAKI, 20 fevral. TELEQRAF

Ehtiyatda olan türkiyəli general Yücel Karauz Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Yücel bəy, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində formalaşmış sərhəd komissiyasının bu il üçün artıq ikinci görüşü oldu. Bir çox məsələlər müzakirə edilib, razılaşmalar var. Ötən il 12 km-lik sərhəd xəttinin Qazax istiqamətində delimitasiyası aparıldı. Bu il üçün gözləntiləri necə dəyərləndirirsiniz?

- Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda pillə-pillə irəliləyişlər əldə olunur. 2024-cü ildə aparılan danışıqların nəticəsi olaraq sərhəd xəttinin 12 km-lik hissəsi müəyyənləşmişdi. Ona görə də növbəti dəfə bu istiqamətdə aparılan danışıqların nəticələrinin olacağı gözlənilir. Eyni zamanda tərəflər arasında digər mövzularda aparılan müzakirələrdə də irəliləyişlərin olması mümkündür. Çünki Ermənistanın sülhdən başqa şansı yoxdur. Azərbaycan, Türkiyə ilə münasibətləri sahmana salıb normal münasibətlər yaratmasa, Ermənistan sonradan baş verəcək nəticələri də qəbul etməlidir. İqtisadi çətinliklər, kənardan asılılıq Ermənistan üçün yaxşı perspektivlər vəd etmir. İrəvan bunları istəmirsə, yaranmış yeni geosiyasi reallıqlara da hazır olmalıdır. Sözsüz ki, Ermənistanda daxili auditoriyanın buna hazırlanması vaxt alacaq. Bu vaxt çərçivəsində gec-tez reallıq özünü təsdiq edəcək.

- Zəngəzur dəhlizi ətrafında artan müzakirələr fonunda Türkiyənin prosesə yanaşması nədən ibarətdir?

- 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda regional kommunikasiyaların açılması öz əksini tapıb. Ona görə də Azərbaycanla Naxçıvan arasında əlaqələr təmin olunmalıdır. Təbii ki, Zəngəzur dəhlizi sadəcə olaraq Azərbaycanla Naxçıvan arasındakı bağlantı deyil. Bu, eyni zamanda Türkiyəni Orta Asiyaya, Türküstan coğrafiyasına bağlayacaq ən qısa yoldur.

Digər yollarla da birləşmə nəticəsində Zəngəzur dəhlizinin böyük faydaları olacaq.

Ona görə də Türkiyə dövlətinin Ermənistandan üçtərəfli bəyanat, dövlət olmağın vacibliyi və verilən sözün yerinə yetirilməsi ilə bağlı gözləntiləri var. Bu mənada Zəngəzur dəhlizi açılmasa, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması da mümkün olmayacaq. Çünki qarşılıqlı razılaşmalar bunu tələb edir. Türkiyənin Zəngəzur dəhlizi açılmadığı, sülh əldə olunmadığı halda Ermənistanla sərhədləri açmayacağını rəsmi İrəvan birmənalı olaraq bilməlidir.

- Dəhlizin açılmasına əsas əngəllər nədən ibarətdir və bunlar nə vaxt ortadan qaldırıla bilər?

- Bu gün Zəngəzur dəhlizinin açılmasına Rusiya və İran mümkün qədər mane olmağa çalışır. Rusiya-Ukrayna müharibəsinin başa çatması və İrana qarşı ABŞ-İsrail cütlüyünün atacağı addımlardan sonra yaranacaq geosiyasi vəziyyətdən asılı olaraq Zəngəzur dəhlizinə yaranmış əngəllərin ortadan qalxması gözlənilir. Çünki Zəngəzur dəhlizi açılmadan sülhün olması da qeyri-mümkün görünür.

- Ermənistanın Fransa, Hindistan, Yunanıstan tərəfindən silahlanması fonunda bölgə üçün yeni müharibə riskini necə qiymətləndirirsiniz?

- Bölgədə yeni müharibə riski var. Bu, Ermənistanın sülhdən danışıb dövlət büdcəsinin böyük bir hissəsini silahlanmaya yönəltməsi ilə izah oluna bilər. Eyni zamanda Ermənistan bu gün özünün maddi imkanları çatmadığı halda bahalı silahlar alır. Bu silahlar daha çox hərbi yardım adı ilə Ermənistana göndərilir. Fransa, Hindistan, Yunanıstan kimi ölkələr bu gün Ermənistanı silahlandırmaqla məşğuldur. Bu yaxınlarda ona Türkiyə vətəndaşı deməyə utandığım, terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin erməniəsilli keçmiş millət vəkili Qaro Paylan yeni müharibə üçün zamana ehtiyacın olduğunu bildirmişdi. Görünən odur ki, bəziləri başlarına dəymiş “Dəmir yumruğun” təsirindən hələ də tam nəticə çıxartmayıb.

Çünki bu kimi şəxslər 3-4 il sonra Ermənistanın revanşizmə hazır olduğunu açıqlayır. Sözsüz ki, bu kimi yanaşmalar Ermənistan üçün növbəti faciələrə səbəb ola bilər. Yeni müharibə istəyənlər Azərbaycanın hərbi gücünü, “Dəmir Yumruğun” növbəti zərbəsinə hazır olmalıdır. Bakıdakı Hərbi Qənimətlər Parkında boş yerlər var. Ermənistanın hərbi texnikalarına orada yer tapılacaq. Azərbaycan dövləti tərəfindən dəfələrlə bəyan edilib ki, “onların heç bir dövlətin torpağında gözü yoxdur”. Eyni zamanda rəsmi Bakının Ermənistana hücum etmək niyyətində olmadığı da bəyan edilib. Öz torpaqlarını geri qaytaran Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq addım atıb. Ona görə də Ermənistanın revanşizm istəyi onun sonunu gətirə bilər.