BAKI, 20 fevral. TELEQRAF

Rusiya-Ukrayna müharibəsindəki son durum, Rusiyanın ABŞ ilə danışıqlar masasına əyləşməsi rəsmi Moskvanın əlini kifayət qədər gücləndirdi. Görünən odur ki, Rusiyanın bir çox iddiaları təmin olunacaq. Bu da Kremlin diqqətini Ukrayna müharibəsindən digər istiqamətlərə, Cənubi Qafqaza yönəldəcəyi ehtimalını artırır.

Bu sözləri Teleqraf-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, son 3-4 ildə Ermənistanla Rusiya arasındakı gərginlik var:

“Nikol Paşinyanın qərbyönümlü siyasəti Moskvada narahatlıq və qıcıq yaradır. Beynəlxalq şərtlər və Rusiyanın imkanlarının artması Ermənistan daxilində revanşist qüvvələrin, “Qarabağ klanı”nın aktivləşməsinə səbəb olur. Bu aktivlik Rusiyadan verilən təlimatlar əsasında həyata keçirilir”.

Oqtay Qasımova görə, sabiq Ermənistan prezidenti, hərbi cani Robert Köçəryanın uzun müddətdən sonra geniş mətbuat konfransı keçirərək, hakimiyyət iddiasını ortaya qoyması bu ssenarinin davamıdır:

“Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi ilə bölgədə gərginlik yaranacaq. Əslində bu ölkədə hakimiyyətdə olmuş qüvvələrin hamısı Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və ərazi iddiası ilə çıxış edib.

İndi isə situasiya fərqlidir. Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edib. Ermənistan tərəfindən olacaq təxribat cəhdləri öz qarşılığını alacaq və ona qarşı sərt tədbirlər görüləcək”.