BAKI, 13 oktyabr. TELEQRAF

Vahid məktəbli forması ilk dəfə tətbiq olunmur, əvvəllər də şagirdlər belə forma geyinirdilər.

Bunu Teleqraf-a açıqlamasında Xalq rəssamı Arif Hüseynov deyib.

O bildirib ki, imkanlı ailələrin uşaqları fərqli geyinəndə bu, şagirdlər arasında müəyyən təsirlərə səbəb olur: “Məktəbə, təhsil müəssisəsinə vahid məktəbli formasında gəlmək zəruridir. Əvvəllər də belə qaydalar olub. Biz də məktəbə vahid formada getmişik. Azərbaycan sivil ölkədir. Biz güclü dövlət kimi bu kimi təhsilimizə yad halların qarşısını almalıyıq. Məsələn, din adamlarının məktəbə gəlib şüarlar səsləndirməsi hansı məqsədi güdür? Bir Azərbaycan vətəndaşı kimi bu halları görüb təşviş keçirirəm, belə olmaz!

Xalq rəssamı kimi cəmiyyətin içindəyəm, insanlarla ünsiyyətdə oluram. Cəmiyyətimizin parçalanmasına imkan verilməməlidir. Şagirdlər məktəbə təhsil almaq üçün gəlirlər. Hicabın bununla nə əlaqəsi var? Ola bilsin, müəyyən qüvvələr vəziyyətin gərginləşdirilməsinə maraq göstərirlər.

Mən sərgilərdə oluram, heç kim sərgidə iştirak edən qadına demir ki, niyə hicab taxmısan. Ancaq orta məktəbin öz qanun-qaydaları var. Dördüncü-yeddinci sinif şagirdlərinin niyə başıörtülü olmalıdır? Müəllim də şagirdlərə nümunə olmalıdır".

Xalq rəssamı vahid məktəbli geyimi ilə bağlı qərarı dəstəklədiyini vurğulayıb: "Bu, Nazirlər Kabinetinin vaxtında verdiyi qərardır. Məsələlər daha da dərinləşə bilər. Valideynlər də bunu başa düşməlidirlər. Valideyn hicab taxa bilər, heç kim ona niyə hicab taxdığını demir. Amma azyaşlı uşağa hicabla bağlı təzyiq göstərmək yolverilməzdir”.