BAKI, 12 oktyabr. TELEQRAF

"İnsanın dini etiqadla bağlı qərarını müəyyən yaş həddinə çatdıqdan, öz düşüncələrini formalaşdırdıqdan sonra verməsi daha doğru olar. Psixikası hələ tam formalaşmayan uşağın hicab taxması ailədən gələn bir yanaşmanın nəticəsi ola bilər".

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov deyib.

Elxan Cəfərovun sözlərinə görə, bu baxımdan, uşağın seçim azadlığının müəyyən mənada məhdudlaşdırılması məsələsi ortaya çıxır:

Uşaqların hüquqları olduqca həssas məsələdir və bu mövzuya diqqət göstərmək lazımdır. Mən hər hansı kəskin mövqenin tərəfdarı deyiləm. Qarşıdurmalara səbəb ola biləcək yanaşmaların əleyhinəyəm.

Cəmiyyətdə uşaqların tərbiyəsi çox vacibdir. Hesab edirəm ki, insanın həddi-buluğa çatdıqdan, dini-mənəvi dəyərləri dərk etmək qabiliyyəti formalaşdıqdan sonra öz düşüncəsi əsasında dini etiqada yönəlməsi daha doğru olardı.

Məktəblərdə uşaqların vahid formada olması, bir-birindən fərqlənməməsi və sinif daxilində fərqli mövqelər səbəbindən qarşıdurmaların yaranmaması da əhəmiyyətlidir. Hicabın əleyhinə deyiləm, sadəcə, hesab edirəm ki, məktəb yaşlı uşaqlar hələ bir çox məsələləri tam dərk etmək iqtidarında olmaya bilərlər. Onların dini seçimləri müəyyən mənada ailədən qaynaqlana bilər. Bu baxımdan, məktəblərdə hicab taxılması məsələsinə müxtəlif tərəflərdən yanaşmaq lazımdır".

Elxan Cəfərov bildirib ki, o, məsələlərə həm də yaradıcı insan kimi yanaşır: "Mən yaradıcı insanam, yaradıcı insanlar qəlb mühəndisliyilə məşğul olurlar. Ona görə belə həssas məsələlərdə qəti fikir söyləmək mənə görə asan deyil. Mənim qızım da uzun müddətdir namaz qılır, amma hicab taxmır. Həyat yoldaşım da illərdir namaz qılır, lakin hicab bağlamayıb. Mənim ailəmdə bu məsələ faktiki olaraq belə həllini tapıb.

Dini münasibətin daha sıx və ənənəvi olduğu Türkiyədə belə, hicab məsələsinə münasibət hər kəs üçün eyni deyil. İnsan həm namaz qıla, həm də hicab taxa bilər. Bu, hər kəsin qəlbində Allaha münasibəti ilə bağlıdır. Bəli, qanun və qaydalar mövcuddur. Eyni zamanda mən dini etiqadın ilk növbədə qəlb məsələsi olduğuna inanıram. Dinin siyasi müstəviyə daşınmasının əleyhinəyəm".

Rejissor ibadətlə məşğul olduğunu deyib, amma davranışlarında bunu hiss etdirməməyə çalışdığını vurğulayıb: "Çünki geniş tamaşaçı auditoriyası ilə işləyirəm və belə həssas mövzularda müxtəlif yanaşmaları nəzərə almağı vacib sayıram. Hicab taxmaq dini ayrı-seçkiliyə səbəb olmamalıdır. Bu, cəmiyyətimizdə yeni müzakirə olunan məsələ deyil. Hələ Mirzə Ələkbər Sabirin şeirlərində bu cür problemlərə, fikir ayrılıqlarına toxunulub.

Cəmiyyətimizdə maariflənmə və tərəqqi istiqamətində atılan addımlara qarşı kəskin reaksiyalar tarixən müşahidə edilib. Sabirin "Oxutmuram, əl çəkin!" misraları ilə yadda qalan tənqidi yanaşması da bu düşüncə tərzini əks etdirir.

Vaxtilə ilk qız məktəblərinin açılmasına, o cümlədən Hacı Zeynalabdin Tağıyevin təşəbbüslərinə qarşı dini dairələrdən ciddi etirazlar səsləndirilirdi. Halbuki bu gün qadınların təhsil alması cəmiyyətimiz üçün nə qədər müsbət və əhəmiyyətli bir hadisədir.

Beləliklə, tərəqqi prosesində fikir ayrılıqlarının və qarşıdurmaların yaranması tarixi baxımdan müşahidə olunan haldır. Əsas məsələ həmin fikir ayrılıqlarına necə yanaşmağımızdır. Hər kəs cəmiyyətdə əmin-amanlığın və tarazlığın qorunmasına çalışmalıdır. Bu, ilk növbədə ailədən, daha sonra isə küçədə və gündəlik həyatda bir-birimizə göstərdiyimiz münasibətdən başlayır. Səbirli olmaq çox vacibdir. Dini və digər həssas məsələlərə emosional reaksiya vermək düzgün deyil.

Cəmiyyətimizə çağırış edirəm: gəlin, atalar sözlərimizə, dədə-babalarımızdan bizə miras qalan dəyərlərə söykənək, bir-birimizə qarşı mehriban və anlayışlı olaq. Bu da tarixin müəyyən bir mərhələsidir və onu sağlam düşüncə ilə qarşılamaq lazımdır".