BAKI, 9 oktyabr. TELEQRAF

Dünya şöhrətli fotojurnalist Reza Deqatinin təşəbbüsü ilə start götürmüş “FotoBax” Milli Fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb.

Teleqraf xəbər verir ki, IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilən müsabiqə uşaqları fotoqrafiya vasitəsilə Azərbaycanın təbiətini kəşf etməyə və qorumağa təşviq edir.

Bu il “Təbiəti sevirəm - Azərbaycan” mövzusuna həsr olunan müsabiqə 18 yaşadək uşaqlar üçün nəzərdə tutulub.

İştirakçılar Azərbaycanın təbii gözəlliklərini, biomüxtəlifliyini, mənzərələrini və ətraf mühitin qorunmasının əhəmiyyətini əks etdirən fotoşəkillər təqdim edə bilərlər.

Müsabiqənin qalibləri fotoaparatla mükafatlandırılacaq, həmçinin Reza Deqati ilə birgünlük fotoqrafiya təlimində iştirak etmək imkanı qazanacaqlar.

Müraciətlərin qəbulu oktyabrın 11-də yekunlaşacaq.