BAKI, 12 oktyabr. TELEQRAF

Məktəblərdə vahid forma tətbiqini tam dəstəkləyir və dövlətimizin bu barədə qərarına hörmətlə yanaşıram.

Bunu Xalq artisti Nəzakət Teymurova Teleqraf-a açıqlamasında deyib.

O bildirib ki, məktəblərdə şagirdlərin xarici görünüşü ilə bağlı müəyyən halların qarşısının alınması və diqqətin təhsilə yönəldilməsi baxımından vahid forma vacibdir:

"Son dövrlərdə məktəblərdə şagirdlərin geyimi ilə yanaşı xarici görünüşü ilə bağlı bəzi halların da şahidi oluruq. Makiyaj, manikür, saçların rənglənməsi, saqqal saxlanılması və digər bu kimi hallar təhsil mühitinə uyğun deyil. Bizim dövrümüzdə vahid məktəbli forması var idi. Başımızda bantımız, əynimizdə formamız olardı. Nə makiyaj-manikür, nə də bu kimi başqa məsələlər gündəmdə idi.

Şagird məktəbə özünü göstərmək üçün deyil, elm öyrənmək və bilik qazanmaq üçün gəlir. İnanıram ki, vahid məktəbli formasının tətbiqi tədris prosesinə də müsbət təsir göstərəcək. Şagirdlərin diqqəti xarici görünüşə deyil, dərslərinə və təhsillərinə yönələcək. Əsas məqsəd yaxşı təhsil almaq və gələcəkdə ali məktəblərə qəbul olmaqdır".

N.Teymurova vurğulayıb ki, şagirdlər orta məktəbi bitirdikdən sonra öz seçimlərini sərbəst edə bilərlər:

"İstəyən hicab taxar, istəməyən isə taxmaz. Bu, şəxsi seçim məsələsidir. Məktəbdə isə bütün şagirdlərin eyni formada olması onların bərabərlik və birlik hissini gücləndirir. Mən ali məktəbdə tələbələrimə də geyimlərinə diqqət yetirməyi tövsiyə edirəm. Bəzən elə geyimlərə rast gəlirik ki, onlar təhsil mühitinə uyğun olmur.

Hesab edirəm ki, hər bir təhsil müəssisəsində geyim mədəniyyətinə və etik qaydalara riayət edilməlidir. Əsas məqsədimiz gənclərin həm savadlı, həm də yüksək davranış və geyim mədəniyyətinə sahib şəxsiyyətlər kimi yetişməsidir”.