BAKI, 12 oktyabr. TELEQRAF

Məktəblərdə tətbiq edilən vahid məktəbli formasını dəstəkləyirəm. Bu, mütərəqqi bir qərardır, dünyanın bir çox ölkələrində də belə bir qaydaya riayət olunur.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov deyib.

O bildirib ki, Azərbaycan maarifçilərinin geyimlərinə nəzər saldıqda onların da müəyyən geyim üslubuna üstünlük verdiklərini görmək mümkündür:
“XIX əsrdə Azərbaycanın bir çox maarifçilərini xatırlasaq, görərik ki, istər Rusiyada, istər Fransada, istər Almaniyada, istərsə də digər xarici ölkələrdə təhsil almış ziyalılarımız müəyyən geyim üslubuna malik olublar. Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov və bir çox başqa ziyalılarımızı misal göstərə bilərik. Onların hamısı müəyyən üslubda geyinirdilər.

Üzeyir Hacıbəylinin şəkillərinə baxanda bunu aydın görmək mümkündür. Tələbəlik illərində necə gözəl geyindiyinə diqqət yetirin. Onun hətta etiket qaydalarına uyğun, dövrün geyim mədəniyyətini əks etdirən geyimləri də olub.

Təhsil müəssisələrində vahid geyim formasının tətbiqi, əlbəttə ki, çox yaxşıdır. Bizim özümüzün təhsil aldığımız dövrdə məktəbli formaları var idi. Şükürlər olsun ki, məktəblilərin vahid geyim formasının olması ilə bağlı belə bir qərar qəbul edilib. Bu, mütərəqqi bir fikirdir və dünyanın bir çox ölkəsində də bu qaydaya riayət olunur".

S.Fərəcov deyib ki, bəzi insanlar bu məsələni dinlə əlaqələndirirlər: "Mənə elə gəlir ki, bu, düzgün yanaşma deyil. Dinin və dünyəvi təhsilin öz yeri var. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Bu cür yanaşmanı qeyri-səmimi hesab edirəm. Düşünürəm ki, xalqımız dövlətimizin bu qərarını anlayışla qarşılayacaq və qəbul edəcək. Çünki bu qərar Azərbaycan gənclərinin təhsilinin və inkişafının təmin olunmasına xidmət edir”.