BAKI, 16 oktyabr. TELEQRAF

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Təranə xanım, Bakı Xoreoqrafiya Akademiyası iki quruma tabedir. Bu, akademiyanın fəaliyyətində özünü necə göstərir, rəhbərlik olaraq sizi qane edirmi?

- Bakı Xoreoqrafiya Akademiyası iki quruma - Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyinə tabedir. Xatırladım ki, əsas tabeliyimiz Mədəniyyət Nazirliyinədir, bütün kadrlar, sənətkarlar bu nazirlikdə kurasiya olunur. Biz mədəniyyət işçiləriyik, rəqs isə hər zaman mədəniyyətdir, bu baxımdan belə tabelik düzgündür və bununla razıyıq.

Bölgü prinsipi ilə yanaşsaq, təhsil idarəsi təhsilə, mədəniyyət sahəsinin rəhbərliyi isə mədəniyyətə baxmalıdır. Bakı Xoreoqrafiya Akademiyası spesifik ali təhsil müəssisəsidir.

Digər tərəfdən, Elm və Təhsil Nazirliyinə tabelik də vacibdir, çünki burada eyni zamanda təhsilin bütün pillələri tədris olunur - orta məktəb, kollec, bakalavriat, magistratura və doktorantura. Vaxtilə yalnız təhsil idarəetməsinin tərkibində olan Xoreoqrafiya Məktəbi sonradan mədəniyyət xadimlərinin təklifi və xahişilə Akademiyaya çevrildi, idarəetməsi dəyişdirildi.

- Bu cür ikili idarəetmə çətinliklər yaratmır ki?

- Biz daha çox Mədəniyyət Nazirliyinə bağlıyıq və bütün suallarımızı həmin quruma ünvanlayırıq. Bu baxımdan idarəetmədə hər hansı problemlə üzləşmirik. Əsas problem başqa məsələdədir - Akademiyaya qəbul mexanizmində. Hazırda qəbul zamanı ən azı 50 bal toplayan abituriyent uyğun ixtisası seçir. Bəzi hallarda hər hansı ali təhslil müəssisəsinə, məsələn, İdman Akademiyasına balı çatmayanlar və ya digər universitetlərə qəbul ola bilməyənlər Bakı Xoreoqrafiya Akademiyasına üz tutur. Təəssüf ki, ən aşağı keçid balı bizdədir.

Nəticədə rəqsi bilməyən, sənəti hiss etməyən, hansı quruma daxil olduğunu dərk etməyən gənclər Akademiyaya qəbul edilirlər. Bu hal şəxsən məni qane etmir.

Rəqs olduqca çətin və məsuliyyətli sənətdir. Mən auditoriyaya daxil olanda bəzən şoka düşürəm. Təəssüf ki, bəzi tələbələr hara qəbul olunduqlarını belə anlamaqda çətinlik çəkirlər. Formal mənada başa düşürlər ki, bura Bakı Xoreoqrafiya Akademiyasıdır, burada rəqs sənəti ilə məşğul olurlar, onlar isə sadəcə diploma görə, bəzən də hərbi xidmətdən möhlət almağa gəlirlər.

Vaxtilə belə deyildi. Biz bu sənəti seçəndə peşəkar sənətkarlar qarşısında imtahan verirdik. Məzun olduqda belə, iki il diplom almırdıq, bir müddət dövlətə xidmət edirdik. Mən Dövlət Rəqs Ansamblında iki il çalışdıqdan sonra diplomumu almışam. Hansı sənəti seçdiyimi, bu yolun necə çətin, eyni zamanda necə şərəfli olduğunu bilirdim.

- Problem yəqin ki, Bakı Xoreoqrafiya Akademiyasının bakallavr və kollec pillələrinə qəbul mexanizmindədir, siz bundan bəhs edirsiniz...

- Bəli, akademiyanın orta məktəb pilləsi çox gözəldir. Uşaqlar bura birinci və ya beşinci sinifdən qəbul edilirlər. Milli şöbə üzrə qəbul yeddinci və səkkizinci siniflərə qədər davam edir. Şagird doqquzuncu sinfi bitirəndə artıq bu sənəti davam etdirib-etdirməmək istədiyini dərk edir. Biz onların üzərində çox böyük əziyyət çəkirik. Şagirdlərimizin əksəriyyəti olduqca istedadlıdır, çox vaxt təhsillərini kollecdə davam etdirirlər. Kolleci bitirdikdən sonra bakallavr pilləsinə keçirlər. Bu, normal bir sistemdir: məktəb, kollec və bakalavr.

Bu mərhələlərdən keçən tələbə artıq peşəkar, hazır tələbə kimi bakalavr olur və sənəti davam etdirmək istəyib-istəmədiyini dəqiq bilir. Say baxımından, kollecdən bakalavra təxminən 20-40, orta hesabla 30 tələbə keçir. Bu, qəbul planından asılıdır. Amma kənardan gələnlərin sayı daha çoxdur. Məsələn, bu il akademiyaya 90 tələbə qəbul edilib, onların böyük hissəsi kənardan gələnlərdir. Qeyd etdiyim kimi, bəzi tələbələr hara qəbul olunduqlarını belə dərk etmirlər.

Bəzən tələbələrə sual verirəm: Sən bura qəbul olmusan, xoreoqraf olacaqsan? Cavab verir ki, müəllim, mənə diplom lazımdır... Qazaxıstanda, Özbəkistanda və bir sıra başqa ölkələrin akademiyalarında oluram, konfranslarda iştirak edirəm, ustad dərsləri keçirəm. Heç bir yerdə görməmişəm ki, tələbə yalnız diploma görə təhsil alsın. Bura özfəaliyyət dərnəyi deyil, Akademiyadır.

Niyə Akademiyaya 90 tələbə yığmalıyıq? Qoy 40-50 tələbəmiz olsun, amma istedadlı olsunlar, sənəti sevsinlər.

- Bəs tələbələr məzun olduqdan sonra nə ilə məşğul olurlar?

- Bəziləri sənəti davam etdirir, bəziləri müəllim kimi fəaliyyət göstərir. Regionlardan Akademiyaya qəbul olan tələbələri görəndə xüsusilə sevinirəm. Arzu edirəm ki, hər bir regionumuzda peşəkar xoreoqraf müəllimi çalışsın. Bu, son dərəcə vacibdir.

Bir neçə il əvvəl özfəaliyyət dərnəklərini gəzirdim. Müəllimlərimiz regionlarda ustad dərsləri keçəndə müşahidə edirdim ki, oradakı müəllimlərin əksəriyyəti peşəkarlıqdan uzaqdır. O zaman nazirliyə təklif etdim ki, qeyri-peşəkar müəllimlərin fəaliyyətinə icazə verilməsin. Bilirəm, bununla kimlərinsə çörəyinə mane oluram, amma əminəm ki, belə davam etsə, bu sənət inkişafdan qalacaq. Hesab edirəm ki, müəllimlər mütləq Bakı Xoreoqrafiya Akademiyasında təhsil alıb, burada öyrəndiklərini regionlarda tətbiq etməlidirlər.

Xoreoqrafiya elə bir sənətdir ki, birinci sinifdə uşaq hərfləri, rəqəmləri necə öyrənirsə, burada da rəqsi elə öyrənir və mənimsəyirlər. Bizim olduqca böyük və mürəkkəb tədris proqramımız var. Yalnız o proqramı tam mənimsədikdən sonra peşəkar ola bilərsən.

- Müsahibələrinizin birində ölkəmizdə 300 peşəkar rəqqasın olduğunu qeyd etmisiniz. Bu say qənaətbəxşdirmi?

- Xeyr, böyük və zəngin bir ölkə üçün bu rəqəm qənaətbəxş sayıla bilməz. Amma məsələnin həlli bizdən asılı deyil. Hazırda ölkədə üç əsas rəqs kollektivi fəaliyyət göstərir: Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və "Cəngi" rəqs ansamblı. Bundan əlavə, Hərbi ansambl, Opera və Balet Teatrı da var.

Təxmini hesablasaq, Akademik Opera və Balet Teatrında 75-80, Dövlət Rəqs Ansamblında 70, Mahnı və Rəqs Ansamblında 30, "Cəngi"də isə 20 nəfər çalışır. Ümumilikdə respublika üzrə dövlət qurumlarında çalışan ifaçıların sayı 300 nəfər olar. Akademiyamızda isə tələbə sayı çoxdur - yaxşıları da var, ortaları da, zəifləri də. Onlardan müxtəlif proqramlarda istifadə edirik. Bakı Xoreoqrafiya Akademiyasının demək olar ki, bütün tələbələri dövlət tədbirlərində iştirak edirlər. Daha bir problem ondadır ki, peşəkar rəqqaslar var, onlar üçün rəqs kollektivləri yoxdur.

Məni iki hal xüsusilə narahat edir. Birincisi, kollektivlərdə yer yoxdur, ikincisi isə təqaüd məsələsi həll olunmayıb. Rəqqas 40-45 yaşında səhnəni tərk etməli olur. Bəs sonra hara getsin? Təqaüd almaq üçün 65 yaşı gözləməlidir, bəs o vaxta kimi necə dolansın? Biz rəqqasələri hazırlayırıq, onlar da restoranlara gedirlər. Ya yeni kollektivlər yaradılmalı, ya da mütləq peşəkar rəqqaslara təqaüd verilməlidir.

Təəssüf ki, bizdə mədəniyyətdən uzaq insanlar oturub qərar veriblər ki, rəqqasdır da, yüngül sənətdir, oynasın, sonrası nə olar-olar. Rəqqas 60-65 yaşına qədər necə oynasın? Söhbət özfəaliyyətdən getmir, söhbət peşəkar rəqqaslıqdan gedir. Peşəkar rəqqas 40-45 yaşa qədər rəqs edə bilir.

- Akademik Opera və Balet Teatrında vəziyyət necədir? Orada peşəkar rəqqaslara ehtiyac varmı?

- Akademik Opera və Balet Teatrında da eyni vəziyyətdir. Orada çalışan sənətçilərə, hətta deyərdim, birinci növbədə təqaüd verilməlidir. Balet sənəti ikiqat ağırdır. 35-40 yaşından sonra böyük bir tamaşanı oynamağa rəqqasın, balet ifaçısnın fiziki gücü çatmır. Əgər hiss edirsənsə ki, bir proqramı tam gücü ilə oynamağa gücün çatmır, deməli, sən səhnədən getməlisən.

Rəqs sənəti nəyə görə zəifləyir? Ona görə ki, sənətçilər vaxtında təqaüdə çıxmırlar. Onlar təqaüdə çıxmalı, yerlərini güclü gənc nəsil tutmalıdır. Bu sistem mütləq dəyişməlidir.

Digər ölkələrə gedəndə görürəm ki, onların akademiyaları, məktəbləri necə inkişaf edir. Onu da nəzərə alaq ki, Qafqazda yeganə xoreoqrafiya akademiyası Azərbaycandadır. Bu, böyük nailiyyətdir və onu qorumalıyıq.


- Qafqaz regionunda Xoreoqrafiya Akademiyasının yalnız Azərbaycanda olması ölkəmiz üçün hansı üstünlükləri yaradır?

- Bizim balet və milli rəqs sənətimiz çox zəngindir. Leyla Vəkilova, Qəmər Almaszadə, Afaq Məlikova, Roza Cəlilova, Əminə Dilbazi, Əlibaba Abdullayev, Rafiq Axundov, Tamilla Şirəliyeva, Çimnaz Babayeva kimi sənətkarlarımız Azərbaycan rəqs sənətini dünyada tanıdıblar. Onların davamçılarını yetişdirən bir Akademiya niyə olmasın?

Azərbaycanda Xoreoqrafiya Məktəbi 1929-cu ildə yaradılıb, 2014-cü ildə Akademiyaya çevrilib. Demək istəyirəm ki, bu sənət ocağının öz tarixi və ənənələri var.

Çox istərdim ki, bizim öz teatrımız və yataqxanamız da olsun. Bilirsinizmi, xaricdən gələn tələbələrin sayının az olmasının səbəblərindən biri nədir? Akademiyanın yataqxanası yoxdur. Qazaxıstanda olarkən maraqlandım ki, nə üçün orada xarici ölkələrdən və regionlardan bu qədər çox tələbə var... Məlum oldu ki, onların ayrıca yataqxanaları var.

Bundan əlavə ildə bir dəfə komissiya yaradılır, Qazaxıstanın bütün regionlarını gəzərək istedadlı uşaqları seçirlər. Daha sonra onları Astanaya gətirir və qalıb oxumaları üçün şərait yaradırlar.

Biz də bir-birimizə dəstək olmalı, istedadlı uşaqların qarşısındakı maneələri aradan qaldırmalıyıq. Vaxtilə, 1990-cı illərdə olduğu kimi, ilk addımlardan başlayaraq böyük zirvələrə yüksəlmək mümkündür.

Bir çox sənətkarımız Azərbaycan rəqslərini dünyada təmsil ediblər. Biz də onların tələbələri kimi həmin dövrü görmüşük. Dünyanı gəzir, Azərbaycanı təmsil edir, konsertlər verirdik. Bu gün də belə fəaliyyət var. Ancaq ümumilikdə sənətimiz tədricən zəifləməyə başlayıb. Artıq bunun ilk əlamətləri görünür.

Hansı valideyn istəyər ki, övladı ali məktəbə daxil olsun, peşə qazansın, amma gələcəkdə iş tapa bilməsin? Peşəkar rəqqas restoranda çıxış etməlidir? Əlbəttə, yox.

- Siz bir qədər əvvəl rəqqasların təqaüd problemindən və 40 yaşından sonra səhnədən getmək məcburiyyətindən danışdınız. Bu problemi yaşamamaq üçünmü siz özünüz ikinci ixtisas olaraq hüquqşünaslığı seçdiniz?

- Düşünürdüm ki, bir zaman səhnədən gedəcəm, amma fəaliyyətimi davam etdirməliyəm. Onda hələ Xoreoqrafiya Məktəbinə Akademiya statusu veriləcəyini bilmirdim. İnsan gərək gələcəyini fikirləşsin. Mən də hüquqşünas ixtisasına yiyələnmək qərarına gəldim. Mən elə insanam ki, yaşım az olmasa da, yaşamağı və yaratmağı sevirəm. Həmişə nəsə etmək istəyirəm.

Dünyada Allahdan başqa heç kimdən qorxmuram, hər zaman mübarizə aparıram. Biz tarixi və mədəniyyəti zəngin olan bir ölkəyik və Prezidentimiz bizim üçün hər cür şərait yaradır. Mən bunu görürəm. Ona görə çox şey bizim özümüzdən asılıdır.

- Bu sahədə çətin sənətlərdən biri də baletdir. Özü də bu sənətə erkən başlamaq lazımdır...

- Balet sənətinə birinci sinifdən başlamaq daha yaxşıdır. Bir az sonra da gec deyil, amma uşaq nə qədər tez başlasa, bir o qədər peşəkar olar. Təəssüf ki, bəziləri övladlarını rəqsə sadəcə fiqurası yaxşı olsun deyə yazdırır, bəziləri isə məktəb evə yaxındır deyə bura gətirir. Biz belə uşaqları qəbul etmirik, məktəbdə yalnız çox istedadlı uşaqların oxumasına çalışırıq.

Mən özümü bu sənətə həsr etmiş insanam, nəvəm də bu il bu məktəbə qəbul olub. Əgər onun bu sənəti həqiqətən sevdiyini, rəqs etmək istəyini görməsəydim, heç vaxt bura qoymazdım. Bu sənəti davam etdirmək üçün onu ürəkdən sevmək və başa düşmək lazımdır. Məktəbimizdə şərait çox yaxşıdır, fiziki hazırlıq yüksək səviyyədədir və burada peşəkar müəllimlər işləyir.

Bir dövr boşluq oldu, gözəl sənətkarlarımız dünyadan köçdü, Allah rəhmət eləsin. Yeni nəsil gəlir, biz bu boşluğu yaşadıq, çox əziyyətlər çəkdik, amma yeni addımlar atdıq. Dəfələrlə demişəm və yenə deyəcəm: ölkəmizdə rəqs sənətinin inkişafı və davam etməsi üçün mütləq şəkildə təqaüd sistemi yaradılmalıdır ki, məzunlar təhsil alıb, sənətlərini böyük səhnələrdə davam etdirə bilsinlər.

- Azərbaycan toylarında nümayiş olunan rəqslər barədə nə deyərdiniz?

- Təəssüf ki, bəzi müəllimlər, rəqqaslar milli rəqslərimizi ənənələrimizə uyğun olmayan şəkildə təqdim edirlər. Mən dəfələrlə demişəm ki, xanım xanım kimi, bəy isə bəy kimi qalmalıdır. Biz öz adət-ənənələrimizi, xüsusilə rəqs mədəniyyətini qorumalıyıq. Hər ölkənin, hər mədəniyyətin özünəməxsus tarixi və ənənələri var. Azərbaycanın da çox zəngin tarixi və mədəni irsi mövcuddur.

“Arşın mal alan”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?” kimi filmlərə baxın, görün məclislərdə xanımlarımız özlərini necə zərif və gözəl təqdim edirlər. Bir daha qeyd edirəm ki, rəqs sənəti inkişaf edir. Təəssüf ki, bəzi rəqqaslar rəqsin mahiyyətindən uzaqlaşaraq əyilirlər. Mənim fikrimcə, bəy rəqs edərkən qartal kimi vüqarlı və əzəmətli olmalıdır.

- Ulu Öndər Heydər Əliyevin sizi “Azərbaycanın Maya Plisetskayası” adlandırması yaradıcılıq həyatınızda hansı məsuliyyəti yaratdı? Bu sözləri bu gün necə xatırlayırsınız?

- Mən çox xoşbəxtəm ki, Dövlət Rəqs Ansamblı ilə dünyanın müxtəlif ölkələrini gəzmişəm, Azərbaycan incəsənətini və milli rəqslərimizi layiqincə təmsil etmişəm. Ulu Öndər Heydər Əliyev həmişə səhnə arxasına gəlir, mədəniyyət işçiləri ilə ünsiyyət qurur, onların fəaliyyəti və yaşayışı ilə maraqlanırdı. Dəfələrlə səhnə arxasında sənət adamları ilə söhbət etdiyinin, onların vəziyyəti ilə maraqlandığının şahidi olmuşam.

Xarici ölkə rəhbərləri Azərbaycana səfər edəndə mən dəfələrlə həmin ölkələrin milli rəqslərini ifa etmişəm. Bir xatirəmi bölüşmək istəyirəm. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Bakıya gəlmişdi. Tədbirdə Gürcüstanın milli rəqsi olan "Kartuli" rəqsini ifa etdim. Solist də gürcü idi. Ulu Öndər Heydər Əliyev çıxışdan sonra maraqlanmışdı ki, belə peşəkar sənətkarın nə üçün fəxri adı yoxdur?

Konsertdən sonra mədəniyyət naziri Polad Bülbüloğlu səhnə arxasına gəlib Heydər Əliyevin mənimlə şəxsən maraqlandığını söylədi. Beləliklə, mən Əməkdar artist adı almadan birbaşa Xalq artisti adına layiq görüldüm.

Karmen Şedrinin "Karmen-süita" rəqsini çox sevirdim. Onu məşhur balerina Maya Plisetskaya yüksək səviyyədə ifa etmişdi. Ümumilli lider Heydər Əliyev hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edirdi. Mən onda "Karmen-süita"nı oynadım. Heydər Əliyev səhnə arxasına gəldi, bütün xanımları təbrik etdi. Mənim əlimi sıxarkən dedi: "Mən çox sevindim ki, Azərbaycanda sənin kimi ifaçı var və sən Maya Plisetskayaya bənzəyirsən". Bu sözlər mənim üçün çox böyük hədiyyə oldu.

Uşaqlıqdan Maya Plisetskayanın sənətinə böyük maraq göstərirdim. Təsadüfə baxın ki, Heydər Əliyev Maya Plisetskayanı Bakıya dəvət edən günü Xalq artisti fəxri adına layiq görüldüm...

- Siz səhnə fəaliyyətinizin 40-cı ilindəmi səhnədən getdiniz?

- Heydər Əliyev Sarayında 50 illik yubileyimi qeyd etdim. Daxilən üşünürdüm ki, Dövlət Rəqs Ansamblında bu, son çıxışımdır. Amma müsahibələrimdə bildirdim ki, nə qədər yaşayıram, yubileylərimdə yeni rəqslərlə çıxış edəcəm.

Bu il 60 illiyimdə qeyri-adi bir rəqs ifa etdim. Bununla sübut etmək istədim ki, sənəti sadəcə sevmək lazımdır...