Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyəti içərisində baş geyimlərinin, o cümlədən qadınların baş örtüyü kimi əsrlər boyu istifadə etdikləri kələğayının xüsusi bir yeri var.

Bunu Teleqraf-a AMEA Folklor İnstitutu Mərasim folkloru və milli kulinariya şöbəsinin müdiri Ağaverdi Xəlil deyib.

Onun sözlərinə görə, kəlağayı xalqımızın milli-mədəni irsinin, qadın zərifliyinin, ailə ənənələrinin və bədii təfəkkürünün ən səciyyəvi nümunələrindən biridir: "Kəlağayı yalnız baş örtüyü və ya geyim elementi deyil, həm də xalqımızın tarixi yaddaşını, estetik zövqünü, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadan sənət əsəridir. İpəkdən toxunan kəlağayının rənglərində və naxışlarında Azərbaycan qadınının zövqü, ustaların sənətkarlıq ənənələri və xalqımızın mədəni kimliyi əks olunur.

Kəlağayının tarixi Azərbaycan ərazisində ipəkçilik və toxuculuq sənətinin inkişafı ilə sıx bağlıdır. Azərbaycan qədim dövrlərdən etibarən ipək istehsalı, toxuculuq və ticarət mərkəzlərindən biri kimi tanınmışdı. Xüsusilə Şəki və ətraf bölgələrdə ipəkçilik ənənələri geniş inkişaf etmişdi, ipək parçalar həm daxili bazarda, həm də xarici ticarətdə əhəmiyyətli yer tuturdu.

Kəlağayının hazırlanması üçün əsasən təbii ipəkdən istifadə edilir. İpək parça toxunduqdan sonra müəyyən ölçülərdə kəsilir, boyanır və üzərinə müxtəlif naxışlar salınır. Naxışların hazırlanmasında basma qəlib üsulu mühüm yer tutur. Taxta və ya digər materialdan hazırlanmış xüsusi qəliblər vasitəsilə parça üzərində bəzəklər yaradılır. Azərbaycanın Şəki, Basqal və digər ipəkçilik mərkəzləri kəlağayı sənətinin inkişafında mühüm rol oynayıb. Xüsusilə Basqal uzun müddət kəlağayı istehsalının və bu sənətin ənənəvi üsullarla yaşadılmasının əsas mərkəzlərindən biri olub.

Azərbaycanın mədəni irs nümunələri içərisində özünəməxsus yeri olan kəlağayı sənəti 2014-cü ildə UNESCO-nun qorunan mədəniyyət nümunələri siyahısına daxil edilib".

Ağaverdi Xəlil bildirib ki, Azərbaycan qadınlarının geyim mədəniyyətində kəlağayının xüsusi yeri var: "Keçmişdə o, müxtəlif yaşlarda olan qadınların gündəlik geyiminin, mərasim və bayram libasının mühüm elementi olub. Kəlağayıdan istifadə qadının yaşına, ailə vəziyyətinə, yaşadığı bölgəyə və mərasimin xarakterinə uyğun olaraq dəyişib.

Qadınlar kəlağayını evdə, təsərrüfat işləri zamanı, bazara gedərkən və qonaqlıqda geyiniblər. Toylarda, bayramlarda və digər ənənəvi mərasimlərdə kəlağayı xüsusi əhəmiyyət daşıyırdı. Kəlağayının qadın geyimində bu qədər geniş yayılması onun həm praktik, həm də estetik xüsusiyyətləri ilə bağlı idi. İpək parçanın yüngüllüyü və zərifliyi onu gündəlik geyim üçün əlverişli edir, bədii naxışları isə milli geyim mədəniyyətinin seçilən nümunəsinə çevirirdi.

Kəlağayı Azərbaycan xalqının ailə-məişət mərasimlərində mühüm simvolik məna daşımışdır. Xüsusilə toy adətlərində onun istifadəsi diqqətəlayiqdir. Ənənəvi toy mərasimlərində qırmızı kəlağayıdan gəlinin başını və üzünü örtmək üçün istifadə edilirdi. Qırmızı rəng bir çox yerli ənənədə sevinc, həyat, bərəkət və yeni başlanğıcla əlaqələndirilirdi. Bu adət bölgələrə görə fərqlənirdi. Bəzi ənənələrdə toy zamanı bəyin çiyninə müxtəlif rəngli kəlağayı salınması mərasimin bir hissəsi olub.

Evin darvazasına kəlağayı bağlamaq ailədə toy və ya başqa bir xeyir işin keçiriləcəyini bildirən adətlərdən biri idi. Beləliklə, kəlağayı ailənin sevincini ətrafdakılarla bölüşməyin rəmzinə çevrilirdi.

Kəlağayının mərasimlərdəki rolu onun sadəcə geyim əşyası olmadığını göstərir. O, ailə üzvləri və icma arasında münasibətləri möhkəmləndirən, adətlərin nəsildən-nəslə ötürülməsində iştirak edən mədəni simvollardan biri olub. Kəlağayının bədii dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri rənglərin və naxışların zənginliyidir".

Ağaverdi Xəlil deyib ki, kəlağayının əhəmiyyəti onun xarici görünüşü ilə məhdudlaşmır: "O, Azərbaycan qadınının həyatında ailə yaddaşını, nəsillər arasında bağlılığı və milli kimliyi ifadə edən simvol xarakteri daşıyıb.

Əvvəllər bir çox ailələrdə ana və nənələrin kəlağayıları qorunub saxlanılır, bəzən qızlara və nəvələrə xatirə kimi verilirdi. Belə hallarda kəlağayı adi geyim əşyasından çıxaraq ailə tarixinin daşıyıcısına çevrilirdi. Onun vasitəsilə qadının gəncliyi, toy günü, ailə həyatı və keçmiş nəsillərlə bağlı xatirələr yaşadılırdı.

Kəlağayı həmçinin qadınların zövqünü, geyim mədəniyyətini və sənətkarlığa münasibətini nümayiş etdirirdi. Hər bir bölgənin naxış və rəng xüsusiyyətləri isə yerli mədəni ənənələrin qorunmasına kömək edirdi. Bu mənada kəlağayıya həm maddi mədəniyyət nümunəsi, həm də qeyri-maddi irslə əlaqəli bilik və adətlərin daşıyıcısı kimi yanaşmaq olar.

Müasir dövrdə kəlağayı ənənəvi geyim elementi olmaqla yanaşı, milli mədəniyyətin təbliği, dizayn, sənətkarlıq və turizm sahələrində də əhəmiyyət daşıyır. Kəlağayı Azərbaycan mədəniyyətini təmsil edən, milli kimliyi qoruyan simvollardan biridir".