BAKI, 12 oktyabr. TELEQRAF
Vahid məktəbli forması təhsil müəssisələrində şagirdlər arasında fərq qoyulmaması və nizam-intizamın təmin olunması baxımından çox əhəmiyyətlidir.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev deyib.
"Biri uzun, digəri qısa, biri ağ, digəri qırmızı geyinir. Mən hesab edirəm ki, şagirdlər vahid formada olmalıdırlar. Bu, onların özlərini kollektivin və cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etmələrinə kömək edir", - Xalq rəssamı əlavə edib.
O, dövlətimizin məktəblərdə vahid forma tətbiqi ilə bağlı qərarını dəstəklədiyini vurğulayıb: "Şagirdlərin diqqəti, ilk növbədə, dərsə və bilik qazanmağa yönəlməlidir. Bir şagirdin bahalı, digərinin isə ucuz paltar geyinməsi uşaqlar arasında müqayisələrə, müəyyən fərqliliklərin ön plana çıxmasına səbəb ola bilər. Halbuki məktəblilərin əsas məqsədi təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirməkdir. Vahid məktəbli forması bu baxımdan əhəmiyyətlidir və tədris mühitinə müsbət təsir göstərə bilər.
Lakin məsələ yalnız geyimlə məhdudlaşmır. Uşaqlara həm məktəbdə, həm də ailədə düzgün istiqamət verilməli, onların dünyagörüşünün və davranışlarının formalaşmasına xüsusi diqqət yetirilməlidir. Söhbət yalnız xarici görünüşdən deyil, həm də münasibətdən, qarşılıqlı hörmətdən və tərbiyədən gedir. Bu məsələlər barədə məktəblərdə maarifləndirici işlər aparılmalı, valideynlər övladlarına düzgün yol göstərməlidirlər".
Xalq rəssamının sözlərinə görə, dini inancı yalnız geyimə əsasən müəyyənləşdirmək olmaz:
"Allaha sevgi və inam insanın qəlbindən gəlir. Buna görə də dini etiqad məsələsinə yalnız zahiri görünüş prizmasından yanaşmaq doğru deyil. Məktəbin öz qaydaları və tələbləri var. Həm müəllimlər, həm də şagirdlər həmin qaydalara riayət etməlidirlər. Müəllimlərin geyimi də onların peşəsinə, müəllim etikası və tədris mühitinin xüsusiyyətlərinə uyğun olmalıdır. Bu, bütün müəllimlərin eyni geyimdə olması demək deyil, lakin müəyyən ümumi standartların mövcudluğu vacibdir.
Düşünürəm ki, məktəblərdə bu istiqamətdə ardıcıl maarifləndirmə işləri aparılmalıdır. Vahid məktəbli forması tələbinə əməl olunması ilə yanaşı, uşaqlara bərabərlik, qarşılıqlı hörmət və düzgün davranış prinsipləri aşılanmalıdır. Şagirdlər arasında geyimə görə fərqlərin qarşısını almaq, onların diqqətini təhsilə yönəltmək vacibdir. Vahid məktəbli forması bu məqsədə xidmət edən mühüm vasitələrdən biridir.”