BAKI, 12 oktyabr. TELEQRAF

Ölkəmizin gözəl adət-ənənələri var. Tariximiz çox zəngindir. Azərbaycan böyük addımlarla inkişaf edir.

Bunu Teleqraf-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova deyib.

O bildirib ki, məktəblərdə vahid məktəbli formasının tətbiqi vacibdir:

“Hesab edirəm ki, məktəblərdə mütləq vahid forma olmalıdır. Məktəb insana böyük tərbiyə verir. Mən sovet dövründə doğulmuşam. Anam həmişə deyirdi ki, məktəbə mütləq formada getməlisən. Bu, uşaqda intizam və tərbiyə formalaşdırır. Biz müəllimlər dəfələrlə valideynlərə izah edirik ki, vahid forma şagird üçün necə vacibdir. Uşaq bilməlidir ki, təhsil ocağına gəlir.

Şagirdlər Azərbaycanın tarixini, mədəniyyətini və gələcəyini təmsil edirlər. Nənələrimiz çox gözəl geyiniblər. Gözəl milli geyimlərimiz olub. Xanımlarımız hər zaman zövqlə geyinməyi üstün tutublar”.

Xalq artisti vurğulayıb ki, uşaqların 18 yaşına qədər formalaşmasında və tərbiyəsində valideynlərin, eləcə də məktəbin rolu böyükdür:

"Yalnız 18 yaşdan sonra insanlar özləri seçim edə bilərlər. Əsas odur qəlb və ruh təmiz olsun. Mən Allaha inanan insanam və bilirəm ki, qəlbim təmizdir. Amma biz gələcəyimizi, şagirdlərimizi, tələbələrimizi elə böyütməliyik ki, adət-ənənələrimizi və tariximizi qoruyub saxlayaq. Biz gözəl bir müsəlman ölkəsində yaşayırıq. Hər zaman Allah evinə sərbəst gedə bilirik. Əsas odur ki, öz adət-ənənəmizi və tariximizi itirməyək".