BAKI, 7 oktyabr. TELEQRAF

Xalq artisti Möhlət Müslümov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Möhlət müəllim, bir tarzən kimi təmsil etdiyiniz sənətin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Tar sənətinin bugünkü vəziyyətini müsbət qiymətləndirməmək mümkün deyil. Mən böyük sənətkarları görmüşəm, onların dövründə sənəti, sənətkarları əsasən xalq yaşadırdı. Təbii, dövlət də müəyyən dəstək göstərirdi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Dövlətimiz sənət adamlarına ev verir, fərdi təqaüd ayırır, müxtəlif fəxri adlar və dövlət mükafatları ilə təltif edir. Əvvəllər belə imkan yox idi.

Bu gün, şükür Allaha, dövlətimiz tara böyük dəyər verir. Tar sənətinin UNESCO tərəfindən qorunan qeyri-maddi mədəni irs nümunəsi kimi tanınması bunun ən bariz nümunəsidir.

Mən gənc olanda el şənliklərində tarı məclisə çıxarmağa belə çətinlik çəkirdik. Soruşurdular, gitara yoxdu ki, tar gətirmisiniz? Sanki tar, kamança, balaban kimi milli musiqi alətlərimiz gerilik əlaməti sayılırdı. Bu gün milli musiqi irsimizə, xüsusilə, tara, muğam sənətinə göstərilən diqqət nəticəsində bu sahəyə münasibət dəyişib. Tarın UNESCO siyahısına daxil edilməsi ilə bağlı vaxtilə çoxsaylı müsahibələr vermişəm. Bu proses mənim üçün, sözün əsl mənasında, öz kimliyimi yenidən kəşf etmək demək idi. Bir daha dərk etdim ki, hansı milli mənsubiyyətə, hansı zəngin mədəniyyətə məxsusuq.

Amerikada ermənilər, farslar bir araya gələrək tarın onlara məxsusluğu ilə bağlı iddialar səsləndirirdilər. Biz tarın Azərbaycan musiqi mədəniyyətindəki yeri barədə sübutlar gətirdik. Bundan sonra bu məsələ dayandı.

- Uzun illər ərzində bir çox tanınmış sənətkarla çalışmısınız. Fikir ayrılığı yaşadığınız, müşayiət etməkdə çətinlik çəkdiyiniz və ya sonradan münasibətlərinizin pozulduğu sənətkarlar olubmu?

- Sadaladığınız hallar olub. Amma mən özümü xoşbəxt sənətkar hesab edirəm. Bəzən keçmişdən danışıram, elə bilirlər, 90 yaşım var. Gənclik illərimdə xüsusi dəstək görməmişəm, nə əmi-dayı, nə də başqa qohumların mənə köməyi dəyib. Hərbi xidməti başa vurduqdan sonra 22 yaşımda Konservatoriyaya sənəd verdim və qəbul oldum. Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri şöbəsini tar ixtisası üzrə bitirdim.

Yadımdadı, imtahanımı bəstəkar Səid Rüstəmov götürdü. Mənə ilk xeyir-duanı da Ramiz Mirişli ilə birlikdə o verdi.

Humanitar fənlərdə o qədər də güclü deyildim, amma musiqidən yaxşı qiymət almışdım. O vaxt doqquz imtahan olurdu. Səid Rüstəmov demək olar ki, hər imtahanda gəlib başımın üstündə dayanır və müəllimlərə deyirdi ki, “bu oğlana yaxşı qiymət yazın, bunun gələcəyi var". Aradan cəmi bir ay keçmişdi, məni Asəf Zeynallı adına Musiqi Kollecinə müəllimliyə dəvət etdilər. Buna inana bilmirdim...

Televiziyaya da ilk dəfə 22 yaşımda çıxdım. Çıxışımı xalq artisti Əbülfət Əliyev görmüşdü. Bir gün kamança ifaçısı Elman Bədəlov dedi ki, Əbülfət müəllim səni axtarır, deyir, o uşağı gətirin, onunla “Humayun” dəstgahını oxuyacam. Düzü, qorxdum, bir müddət gizləndim. Düşünürdüm ki, mən hara, Əbülfət Əliyev hara? Valideynlərim də onun böyük pərəstişkarı idi.

Elman müəllim yenə dedi ki, Əbülfət əl çəkmir, mütləq getməlisən. Getdim, Əbülfət müəllimə etiraf etdim ki, sizi müşayiət etməyə ehtiyatlanıram. O məni elə həvəsləndirdi ki... Təəssüf, həmin çəkilişin lent yazısı qorunub saxlanmayıb.

Tədricən sənət aləmində tanınmağa başladım, çox böyük sənətkarlarla işləmək qismətim oldu. Xan Şuşinski ilə Asəf Zeynallıda birlikdə çalışdım, onu yaxından gördüm, dərslərini dinlədim. Onu müşayiət etmək imkanım olmadı. İldırım Həsənov, Hacıbaba Hüseynov, Arif Babayev, Canəli Əkbərov, Yaqub Məmmədov, Ağaxan Abdullayev, Alim Qasımov kimi böyük sənətkarları müşayiət edim. Səxavət Məmmədovun da adını unuda bilmərəm.

Qadın xanəndələrdən Tükəzban İsmayılova, Sara Qədimova, Şövkət Ələkbərovanı müşayiət etmişəm. Amma mənim ən çox sevdiyim xanəndə Rübabə Muradova idi. O vaxt Dövlət Televiziyasında bir veriliş var idi, orada xanəndələri müşayiət edirdim. Verilişin baş rejissoru mənə dedi ki, Rübabə xanım səni görüb və deyib ki, bu oğlanla mütləq ifa edəcəm.

Rübabə Muradovanın pərəstişkarı idim. Onun səsi ilə nəfəs alırdım. Amma Rübabə xanımın ağır xəstə olmasından, ağrıkəsici hesabına yaşamasından xəbərsiz idim. Nəhayət, Rübabə Muradova ilə çəkiliş üçün gün təyin edildi. Amma çəkiliş baş tutmadı. Həmin gün Rübabə xanım dünyasını dəyişdi. Bu, mənim üçün çox ağır yaşantı oldu. İllər boyu arzuladığım bir görüş, birgə ifa etmək arzusu ürəyimdə qaldı.

- Möhlət müəllim, ifaçını müşayiət edərkən əsas çətinliklər nə olur?

- Mən həm solistəm, həm də müşayiətçi. Uzun illər Azərbaycanın bir nömrəli ansamblı hesab olunan AzTV-nin nəzdindəki Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuşam. Bu vəzifədə mən üçüncü idim. Məndən əvvəl Əhməd Bakıxanov və Həbib Bayramov kimi böyük sənətkarlar həmin kollektivə rəhbərlik ediblər.

Müşayiət məsələsinə gəlincə, heç vaxt muğamı əvvəlcədən müəyyən formada məşq etməyi xoşlamamışam. Məsələn, sabah çəkilişim varsa, "Rast" dəstgahını müşayiət edəcəmsə, dəstgahın bir neçə variantı artıq beynimdə hazır olur. Xanəndə necə oxuyursa, mən də ona uyğun müşayiət edirəm.

Təbii, elə məqamlar olub ki, müəyyən çətinliklərlə qarşılaşmışam. Çünki eyni şöbə müxtəlif muğamlarda fərqli şəkildə oxunur. Məsələn, şikəsteyi-fars "Rast"da da ifa olunur, "Mahur-Hindi"də də.

Qəzəlləri gecə saat 2-də belə öz səsimlə xanəndəyə öyrədə bilərəm. Bəzən çəkilişdə görmüşəm ki, xanəndə muğamın müəyyən şöbəsini düzgün oxumur. Məsələn, "Rast"dakı şikəsteyi-farsı "Mahur-Hindi"nin şöbəsi ilə qarışdırır. Adlarını çəkmək istəmirəm. Onların arasında bu gün xalq artisti və əməkdar artist fəxri adlarını daşıyan sənətkarlar da var.

Hətta deyərdim ki, bəziləri mənim barmaqlarımla xalq artisti olublar. Uzun illər mənim müşayiətimlə oxuyublar.

Belə hallarda bəzən bəhanə gətirib çəkilişi saxlatmışam, ifaçını kənara çəkib izah etmişəm ki, bu cür oxumaq düz deyil. O dövrdə belə məsələlərə daha ciddi nəzarət var idi. Televiziyanın mənə tapşırığı olurdu ki, Filankəsi efirə çıxarmaq lazımdır. Həmin ifaçılarla məşq edir, onları hazırlayır və efirə çıxarırdım.

Bu gün isə televiziyada, efirdə elə danışırlar ki... Məsələn, 30 il mənim ansamblımda, mənim müşayiətimlə oxuyan insan bu gün "40 illik sənət fəaliyyətindən" danışır. Baxırsan ki, muğamı hələ də düzgün ifa etmir.

Muğam sənətinin incəliklərini bilən insanların sayı azalır. Əvvəllər toy mərasimlərinə gedəndə sanki imtahana çıxırdıq. Sənətkar üçün toy da məsuliyyətli səhnə idi. İndi isə təəssüf ki, toylarımızın səviyyəsi tamam dəyişib. Müəyyən mənada assimilyasiyaya məruz qalmışıq. Söhbətimizin əvvəlində də qeyd etdim ki, muğama bu gün dövlətimiz yüksək səviyyədə qiymət verir. Bununla paralel sənət daxilində müəyyən cılızlaşma da gedir.

Muğam müsabiqələri keçirilir, orada müəyyən qəzəllər seçilir və xanəndələr həmin qəzəlləri öyrənirlər. Üstündən on il keçir, yenə həmin qəzəlləri oxuyurlar.

- Gənc nəslin tara marağını necə qiymətləndirirsiniz?

- İstedadlı gənclərimiz var, yeniləri yetişməkdədir. Şükür ki, torpaqlarımız işğaldan azad edilib. Həmin gözəl diyarımızdan həmişə dəyərli səslər, istedadlı sənətçilər çıxıb.

Düşünürəm ki, qarşıdakı üç-beş il ərzində həmin bölgələrdə yeni və güclü səslərin yetişdiyinə şahid olacağıq.


- Xan Şuşinskini niyə müşayiət etmədiniz?

- O vaxt Xan Şuşinski Asəf Zeynallı adına Musiqi Kollecində dərs deyirdi, mən də xanəndə sinfində çalışırdım. Xan Şuşinski həqiqətən dahi sənətkar idi. Onu cəmi iki il yaxından görə bildim. 1976-cı ildə işə başladım, 1978-ci ildə Xan Şuşinski dünyasını dəyişdi. Onu müşayiət etmək imkanım olmadı.

- Hər hansı sənətkarı müşayiət etməkdən imtina etdiyiniz olubmu?

- Bəli, olub... Mən 1994-cü ildə ansambla rəhbər təyin olunanda çox çətin illər idi. Qonorar sistemi ləğv edilmişdi, maaş verilmirdi. Amma mənim Əhməd Bakıxanovun adını daşıyan ansamla çox böyük sevgim və hörmətim vardı. Bu ansamblı Üzeyir Hacıbəyli və Müslüm Maqomayev 1929-cu ildə yaradıblar. Bu baxımdan ansambl Azərbaycan musiqisinin və tarixi-mədəni kimliyimizin mühüm bir parçasıdır. Demək olar ki, ansamblı çox çətin şəraitdə “boş əllə” ayaqda saxlamışam.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra sanki ansamblımıza yeni nəfəs gəldii. Bizi dövlət tədbirlərinə dəvət etməyə başladılar, qonorar yazıldı, ansamblın üzvləri həmin vəsait hesabına dolanırdılar. Eyni zamanda televiziya üçün müxtəlif layihələr həyata keçirirdik. Çox xanəndələr var idi ki, mənə müraciət edirdi, onu müşayiət etməyimi istəyirdi. Bəzən aylarla gözləyirdilər ki, işlərim bir qədər azalsın və dəstgahı birlikdə yazaq.

İndi də sosial şəbəkələrdə yazırlar ki, sizinlə muğam dəstgahı yazdırmaq istəyirik. Bəzən özlərinə deməyə çətinlik çəkirəm ki, sizin heç səsinizi eşitməmişəm. Üstəlik, hazırda ansamblımız yoxdur, dağılıb. Şərait yaranarsa, ansamblı yenidən toplamaq mümkündü.

- Əvvəllər bir neçə xalq çalğı alətləri ansambl vardı. Deyəsən, daha heç biri fəaliyyət göstərmir...

- Bəli, vaxtilə AzTV-nin üç əsas ansamblı vardı - Əhsən Dadaşovun, Baba Salahovun və Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansambllar. Əhməd Bakıxanovun rəhbər olduğu ansamblın sonuncu rəhbəri mən oldum, indi də mənəm.

Təəssüf ki, son illərdə televiziyanın ansamblları maliyyələşdirməyə, qonorar və maaş verməyə imkanı çatmadı. Bu gün faktiki olaraq həmin ansamblların heç biri fəaliyyət göstərmir. Düzdü, adı müəyyən proqramlarda, elanlarda çəkilir. “Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı, bədii rəhbər-Xalq artisti Möhlət Müslümov” kimi təqdimatlar eşidilir. Amma həmin kollektivin real fəaliyyəti yoxdur.

Əlbəttə, bu ənənəni yenidən bərpa etmək mümkündü. Şərait yaradılsa, həmin ansamblı yenidən toplayaram və əvvəlkindən də güclü bir komanda formalaşdıraram.

- Müsahibədən əvvəl efirlərə çıxmaqla bağlı narazılığınızı bildirdiniz. Son vaxtlar bu sahədə bir tənəzzül hiss edirsiniz? Sizcə, əvvəlki illərlə müqayisədə son vaxtlar sənətkarlar efirlərdə niyə az-az görünür?

- Efirlər dəyişib. Xüsusən aparıcıların səviyyəsi düşüb. Arada televiziyaya baxıram, görürsən, səsi olmayan bir ifaçını elə tərifləyirlər ki, təəccüblə gözləyirsən, görəsən, səhnəyə kim çıxacaq. Baxırsan, çox zəif, adi danışıq səsi ilə oxuyan biridi.

Sənət üçün nə lazımdırsa, mən onu etmişəm. Bundan sonra hərdənbir efirə çıxmağım da kifayətdi.

- Xalq artisti Arif Babayevlə münasibətiniz necə idi?

- Münasibətimiz çox yaxşı idi. Arif Babayev sadə, səmimi və təvazökar insan idi. Birlikdə xarici ölkələrdə də, Qarabağda da çox səfərlərdə olmuşuq. Demək olar ki, getmədiyimiz yer qalmayıb.

Ümumiyyətlə, həmin nəslin sənətkarları çox sadə insanlar idi. Yaqub Məmmədov, Canəli Əkbərov, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev – bunların hamısı ilə çox yaxın münasibətlərimiz olub.

- Bəs, Alim Qasımovla?

- Alim Qasımovu sənətə gəldiyi ilk gündən, tələbəlik illərindən tanıyıram. Mən Asəf Zeynallı adına Musiqi Kollecində dərs deyəndə Nəriman müəllim Alimi ilk dəfə bizim sinifdə yoxladı, onu mən müşayiət etdim.

Səhnədə, məclisdə Alimi müşayiət edərkən heç bir çətinlik yaşamamışam. Əksinə, onun ifası mənə yeni impuls verirdi. Elə bədahətən yeniliklər edirdi ki, həmin anda ona uyğunlaşır, muğamın dolambaclarında birgə riskə gedirdik. Bu, mənə böyük zövq verirdi. Eyni xüsusiyyət Səxavət Məmmədovda da var idi. O da bədahətən, gözlənilməz improvizasiyalar edirdi.

- Alim Qasımovun Üzeyir Mehdizadə ilə ifa etdiyi “Sənə qurban” duetini necə dəyərləndirirsiniz? Dueti tənqidlər də oldu.

- Alim Qasımov elə ifalar edib ki... Ona bir söz demək çətindi. Bu dueti də dinlədim, amma zövqümə uyğun olmadı. Yəni Üzeyir Mehdizadənin musiqisini bəyənmədiyimi deyə bilərəm. Deyirlər, Üzeyirin musiqisi dünyanın müxtəlif yerlərində dinlənilir. Bəlkə Alim ona dəstək üçün duet ifa edib?

Alim Qasımov böyük sənətkardır. Ona vaxtilə Yaqub Məmmədov, Hacıbaba Hüseynov kimi sənətkarlar qiymət verib.

- Süni intellektdən musiqi ifaçılığında və yaradıcılıqda getdikcə daha çox istifadə olunması sənət aləmində ciddi müzakirələrə səbəb olur. Bəziləri bununla canlı ifaçılığın və ənənəvi musiqinin sona çatdığını düşünür. Sizcə, süni intellektin yaratdığı musiqi əsl sənəti əvəz edə bilərmi?

- Elə şey olar? Süni intellekt xalq musiqimizə, milli musiqi irsimizə ciddi təsir edə bilməz. Texnologiyanın müəyyən işləri asanlaşdırması mümkündü, amma canlı sənətkarın yaratdığı sənəti əvəz edə bilməyəcək. Habil Əliyev kimi ifa edə bilər? Xeyr!