BAKI, 12 oktyabr. TELEQRAF
Məktəblərdə vahid forma olmalıdır, biz özümüz də vaxtilə məktəbə vahid forma ilə getmişik.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.
O bildirib ki, xüsusilə altı-yeddi yaşlı şagirdlərin geyimində vahid formanın tətbiqi vacibdir və bu yaşda qız uşaqlarının məktəbə baş örtüyü ilə gəlməsini düzgün hesab etmir: “Orta məktəb şagirdləri eyni forma geyinməli, özlərini sinfin və cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etməlidirlər. Məktəbdə birlik və həmrəylik mühiti formalaşdırılmalıdır. Şagirdlər, müəllimlər, hamımız eyni cəmiyyətin parçalarıyıq. Uşaqlar arasında geyimə görə fərq yaradılması onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilər.
Məsələn, yeddi-səkkiz yaşlı bir qız məktəbə başıörtülü gəldikdə özünü digər şagirdlərdən fərqli hiss edə və bunun səbəbini sorğulaya bilər. Eyni zamanda, geyim fərqləri uşaqlar arasında sosial bərabərsizlik hissi yarada bilər. Valideynlərin maddi imkanları fərqləndiyindən, bəzi uşaqlar daha bahalı geyimlərdə məktəbə gəlirlər. Bu cür fərqlərin məktəb mühitinə daşınmasını doğru hesab etmirəm. Təhsil müəssisəsi bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında fəaliyyət göstərən məkan olmalıdır”.
Firəngiz Əlizadə vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və cəmiyyətdə müxtəlif inanclara hörmətlə yanaşılır:
"Məktəb yaşlı uşaqların geyimi məsələsinə vahid yanaşmanın tərəfdarıyam. Altı-yeddi yaşlı uşağın başını örtmək barədə müstəqil qərar verdiyini söyləmək çətindir. Bu yaşda valideynlərin təsiri mühüm rol oynayır. Uşağın dini inancla bağlı şəxsi seçimi isə yaşına uyğun şəkildə düşünmək, öyrənmək və müstəqil qərar vermək imkanı qazandıqca formalaşmalıdır. Məktəbi bitirdikdən sonra insan başını örtmək qərarına gələ bilər. Bu, onun şəxsi seçimidir, belə bir seçimə heç kim müdaxilə etmir. Əsas məsələ uşaqların təhsil aldıqları dövrdə özlərini bərabərhüquqlu hiss etmələri və sərbəst düşünmə qabiliyyətlərini inkişaf etdirmələridir”.
Firəngiz Əlizadə əlavə edib ki, Bəstəkarlar İttifaqında baş örtüyü taxan bəstəkarlar da var və bununla bağlı heç bir problem mövcud deyil.
Onun sözlərinə görə, yetkin insanlar öz seçimlərini etmək hüququna malikdirlər: “Cəmiyyətimizdə hər kəsin şəxsi seçiminə hörmətlə yanaşılır. Lakin məktəb yaşlı uşaqların geyimi məsələsinə ayrıca yanaşılmalı, onların yaş xüsusiyyətləri və vahid məktəb mühitinin qorunması nəzərə alınmalıdır”.