BAKI, 12 oktyabr. TELEQRAF

Mənim fikrimcə, bu, hərtərəfli düşünülmüş, vaxtı çatdığı üçün qəbul edilmiş düzgün qərardır. Hesab edirəm ki, bu qərar çoxdan verilməli idi.

Bunu Teleqraf-a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan dini baxışları, milli mentaliteti ilə zəngin olan, böyük və kiçik xalqların yaşadığı azad bir məmləkətdir:

"İnsanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə o azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Bu, tarixən belə olub, belə də davam edəcək. Çünki məktəb dini məbəd deyil. Məktəb təhsil ocağı, insanlara işıq verən bir məbəddir.

Azərbaycanda yaşayan hər kəs məktəbə öz dini baxışlarını, təriqətini, inanclarını apara bilməz.

Bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalı və anlayışla qarşılamalıdır. Bu, şagirdlərə və müəllim kollektivinə də, valideynlərə də, bir sözlə, məktəbə ayaq basan hər kəsə aiddir”.