BAKI, 9 oktyabr. TELEQRAF
Türkiyənin Ankara şəhərində oktyabrın 19-da Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına, fəlsəfi düşüncələrinə və ədəbi irsinə həsr olunmuş Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Kültürü Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək simpozium Türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyət irsinin elmi müstəvidə araşdırılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Ankarada Türk Kültürü Araşdırmaları İnstitutunda təşkil olunacaq beynəlxalq elmi tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilir.
Azərbaycan və Türkiyədən ədəbiyyatşünas alimlərin, Nəsimi irsinin tədqiqatçılarının və digər elm nümayəndələrinin iştirak edəcəyi simpoziumda dahi şairin həyatı və yaradıcılığı, poeziyasının irfani-fəlsəfi məzmunu, Türk düşüncəsi tarixindəki yeri, dil xüsusiyyətləri, divanlarının nəşri və ədəbi irsinin müxtəlif aspektləri müzakirə olunacaq.
Elmi məruzələrdə Nəsiminin yaradıcılığı müxtəlif tədqiqat istiqamətləri üzrə təhlil ediləcək, onun Azərbaycan ədəbiyyatının və bütövlükdə Türk dünyasının ədəbi-fəlsəfi fikir tarixinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılacaq.
Simpozium çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının tarixi əhəmiyyəti, türkoloji araşdırmaların inkişafında rolu və Türk dünyasının ortaq dil və mədəniyyət irsinin öyrənilməsinə təsiri də diqqət mərkəzində olacaq.