BAKI, 26 noyabr. TELEQRAF

Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində “Azersun Holding”in qonağı olub.

Teleqraf xəbər verir ki, iki günlük səfər çərçivəsində “Azersun Holding”in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.

Səfər proqramı çərçivəsində Murat Ülker üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və “Ülker” markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.

Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azersun Holding” və “Ülker” arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülker” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azersun Holding” brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.