BAKI, 26 noyabr. TELEQRAF

“TRIPP layihəsinin işə salınması Rusiyanın əvvəlki planlarını pozub”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Zeltin noyabrın 26-da keçirilən İrəvan-Moskva videokonfransında deyib.

O qeyd edib ki, Rusiya Cənubi Qafqazın tranzit layihələrində həmişə əsas rol oynamağa ümid etsə də, TRIPP onun regionun logistika zəncirlərində rolunu zəiflədir. Politoloq Türkiyənin də bunda maraqlı olduğunu iddia edib.

Zeltinin fikrincə, Rusiya layihəyə mane olmayacaq, əksinə, müsbət həll yolları tapmağa və bu dəhlizin fəaliyyətində öz rolunu gücləndirməyə çalışacaq. O əlavə edib ki, Moskvanın bunun üçün Ermənistana qarşı müəyyən təsir rıçaqları var.

Politoloq söyləyib ki, yükdaşımalarla yanaşı, layihə çərçivəsində Azərbaycanın Naxçıvan bölgəsi vasitəsilə Türkiyəyə və əks istiqamətdə elektrik enerjisi axınının təmin edilməsi də nəzərdə tutulur.

“Eyni zamanda, Ermənistanın Atom Elektrik Stansiyası tamamilə Rusiya amilindən asılıdır. Hesab edirəm, Rusiya xarici iştirakçı qismində öz rolunu gücləndirmək üçün bundan istifadə edəcək”, - o vurğulayıb.

Zeltinin sözlərinə görə, Azərbaycan və Türkiyə Rusiyanın regional siyasəti üçün mühüm əhəmiyyət daşıyır və layihənin həyata keçirilməsində maraqlıdırlar: “Bu isə Moskvanın layihəyə mane olmaması, əksinə, onun icrasında iştirak etməyə çalışması üçün ciddi səbəbdir”.