BAKI, 31 yanvar. TELEQRAF
Əsasən qeyzerlər və isti bulaqları ilə tanınan ABŞ-dəki Yellouston Milli Parkı növbəti dəfə alimlərin diqqət mərkəzinə düşüb.
Teleqraf xəbər verir ki, narahatedici tapıntı barədə “Oregon Live” məlumat yayıb.
Yellouston kanyonlar, göllər, meşələr və böyük vəhşi heyvan populyasiyası ilə diqqət çəkir. Amma onun geoloji möcüzələri əsas cəlbedici cəhətidir. Alimlər hesab edirlər ki, bütün park dünyanın ən böyük supervulkanıdır, hazırda “yuxuda” olsa da, fəlakətli püskürmə potensialına malikdir.
Geoloqlar Yellouston kalderasının şimal ətrafında nəhəng şişmə qeydə alıblar ki, bu da milli parkda davamlı vulkanik fəallığa işarə edir. Geoloqlar bu cür şişkinliyi “vulkanik qalxma” adlandırırlar. Bu, əsasən yeraltında maqma və ya qazın hərəkəti nəticəsində baş verir.
Norris qalxma anomaliyası ilk dəfə 1996-cı ildə Norris qeyzer hövzəsi yaxınlığında müşahidə olunmuş, 2004-cü ildən sonra isə yoxa çıxmışdı. 2025-ci ilin iyulunda yenidən Norris qalxması müşahidə olunub, hazırda sahə baxımından böyük bir şəhər ölçüsünə çatıb. Onun diametri təxminən 30 kilometrdir, bu da Çikaqonun ölçüsünə bərabərdir.
ABŞ Geoloji Xidmətinin 2 yanvar tarixli aylıq yenilənməsində alimlər bildiriblər ki, ölçmələr kalderanın şimal ətrafı boyunca kiçik qalxmaya işarə edir. Prosesin iyulda başladığı düşünülür. İyul-sentyabr aylarında qalxma təxminən 2 santimetr təşkil edib. Bu cür yerdəyişmə adi gözlə görünmür, GPS stansiyaları və interferometrik radiolokatorlar tərəfindən qeydə alınıb.
Alimlər narahat olan amerikalıları sakitləşdirməyə çalışırlar, onların sözlərinə görə, bu qədər böyük ərazini əhatə edən qalxma mütləq yaxın günlərdə orada “cəhənnəmin qapısı”nın açılacağı demək demək deyil.
“Bu, gələcək püskürmə və ya hansısa başqa təhlükənin əlamətidirmi? Xeyr. Daha çox Yelloustonun dinamik təbiəti və yeni nəsil monitorinq alətləri vasitəsilə Yerin dərinliklərinin xüsusiyyətləri barədə nə öyrənə bildiyimizin növbəti nümunəsidir”, - alimlər deyirlər.
Yelloustonda “qaçılmaz” superpüskürmə ilə bağlı iddialar illərdir internetdə dolaşır. Amma ABŞ Geoloji Xidməti bəyan edir ki, belə bir hadisənin yaxın zamanda baş vermə ehtimalı olduqca zəifdir.