BAKI, 4 noyabr. TELEQRAF
1997-ci ildə İsveçdəki Furuvik zooparkında yaşayan Santino adlı şimpanze həm heyrətamiz, həm də aqressiv davranışlar göstərməyə başladı. Bu hadisə bir daha sübut etdi ki, zooparkdakı heyvanlar ziyarətçilərdən məmnun deyillər.
Teleqraf xəbər verir ki, bu barədə “IFLScience” məlumat yayıb.
Zoopark əməkdaşları 1997-ci ildə ilk dəfə Santinonun ziyarətçilərə daş atdığını müşahidə etdilər. Əslində, primatlar üçün nəsə atmaq adi haldır, amma Santinonun davranışı fərqli idi, o, qarşısına çıxan hər daşdan yox, xüsusi olaraq seçdiyi daşlardan istifadə edirdi.
Bəlli oldu ki, hər səhər zoopark hələ bağlı olanda və ziyarətçilər içəri daxil ola bilməyəndə, Santino öz volyerindəki xəndəyi keçərək daşlar toplayır və onları gizlədirdi.
Alimlərin sözlərinə görə, Santino ziyarətçilər görünəndə narahat və əsəbi olurdu, buna görə də daşları havaya atmağa başlayırdı.
Zooloq Matias Osvat bu barədə “Current Biology” jurnalında yazıb:
“1997-ci ilin iyun ayının əvvəlində daş atma halları kəskin artdı - bəzən bir nümayiş zamanı bir neçə dəfə. Bu da zoopark işçilərini təhlükəsizlik tədbirləri görməyə vadar etdi”.
Artıq 1998-ci ildə Santinonun daş ehtiyatı tükənməyə başladı. Amma ağıllı şimpanze “silah anbarı”nı yeniləməyin başqa yolunu tapdı. Santino daşla beton divarı vuraraq içərisində çat olub-olmadığını müəyyən edirdi. Əgər boğuq səs eşidirdisə, deməli, orada çat vardı. Şimpanze həmin yerə daha sərt vuraraq betondan parça qoparır, sonra bu qopmuş hissələri havaya atmağa başlayırdı.
Tədqiqatçılar deyirlər ki, bu davranış aqressivlikdən çox planlaşdırma qabiliyyətini göstərirdi. Santino öz nümayişlərinə əvvəlcədən hazırlaşır, strategiya qurur və gələcək hərəkətlərini planlaşdırırdı.
Bundan başqa, onun aldatma bacarığı da müşahidə olunub: Santino çox vaxt daş ehtiyatlarını zoopark işçilərinin tapa bilməyəcəyi yerlərdə gizlədirdi.