BAKI, 11 noyabr. TELEQRAF
Moskvanın İrana zənginləşdirilmiş uranın Rusiyaya daşınması təklifi hələ də müzakirə mövzusudur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya İrana zənginləşdirilmiş uranın azaldılması üçün Rusiya ərazisinə köçürülməsini təklif edib:
"Yerli mütəxəssislər lazımi texnologiyaya, avadanlıqlara və əlbəttə ki, müvafiq təcrübəyə malikdirlər. Bu, İranın nüvə materialı ilə bağlı hər hansı bir qərarın yalnız Tehrana aid olduğunu qəti şəkildə anlayaraq irəli sürdüyümüz təşəbbüsdür. Bu təklif hələ də müzakirə olunur.
Düşünürəm ki, bu barədə danışmaq üçün hələ tezdir. Əgər indi başqa variantlar hazırlanarsa, Rusiya onları mütləq nəzərdən keçirəcək. Lakin İran özü növbəti addımlarını müəyyənləşdirməlidirlər. Bundan asılı olaraq, texniki aspektləri, yoxlama üsullarını və sair məsələləri müzakirə edə bilərik".
Zaxarova zənginləşdirilmiş uranın İran İslam Respublikasının mülkiyyəti olduğunu təsdiqləyib:
"Onun ölkə ərazisində olması İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərini pozmur. Vurğulayıram ki, onunla nə etmək tamamilə İran hakimiyyətindən asılıdır".