BAKI, 23 oktyabr. TELEQRAF
Son aylarda qlobal iqtisadi proseslər, geosiyasi gərginliklər və mərkəzi bankların faiz siyasətindəki dəyişikliklər həm beynəlxalq, həm də yerli qızıl bazarlarında ciddi dalğalanmalara səbəb olub. Nəticədə qiymətlər bir müddət eniş, ardınca isə kəskin artım tendensiyaları göstərib. Hazırda bazarda qeyri-sabitlik müşahidə olunur.
Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd etdi ki, dünya bazarında qızılın bir unsiyasının qiyməti əvvəlcə rekord səviyyəyə – 4381,52 ABŞ dollarına yüksəlib, ardınca isə 6,3 faiz geriləyib:
“Bu dalğalanmalara ABŞ və Çin arasında ticarət danışıqlarında yaranan müsbət siqnallar, dolların möhkəmlənməsi və bəzi iri bazarlarda (xüsusilə Hindistanda) tələbatın zəifləməsi təsir göstərib.
Azərbaycan bazarında da bu dəyişikliklərin təsiri hiss olunur. Uzunmüddətli artımdan sonra ilk dəfə qiymətlərdə müəyyən azalma qeydə alınsa da, ümumi səviyyə hələ də yüksək olaraq qalır. Yerli bazarda qiymət formalaşması beynəlxalq əmtəə bazarındakı göstəricilərlə yanaşı, idxal xərcləri və işlənmə dəyəri kimi amillərdən də asılıdır.
Hazırda London külçə bazarında qızılın qiyməti 4110–4120 ABŞ dolları/unsiya, gümüşün qiyməti isə təxminən 49 ABŞ dolları/unsiya səviyyəsindədir".
Rövşən Əmircanov yerli bazarda 1 qram üzrə orta satış qiymətlərini də bildirdi:
“999 əyarlı (24 karat) qızıl sikkə və külçə formasında 220–240 manat aralığında, 750 əyarlı (18 karat) 165–190 manat, 585 əyarlı (14 karat) qızıl isə 140–160 manat arasında təklif olunur”.
Onun sözlərinə görə, hazırda təlabat 999 əyarlı qızıladır. Çünki bu növ əsasən investisiya məqsədli alqı-satqı üçün seçilir.

Assosiasiya rəsmisi qeyd etdi ki, gələcək dövrdə qızılın qiymət dinamikası bir sıra beynəlxalq amillərdən asılı olacaq:
“Əgər ABŞ dolları zəifləsə, inflyasiya göstəriciləri yüksəlsə və mərkəzi bankların qızıla tələbi artsa, qiymətlər yenidən artım trayektoriyasına qayıda bilər.
Bununla yanaşı, beynəlxalq siyasi gərginliklər, regional münaqişələr, Yaxın Şərqdə və Asiyada artan risklər, eləcə də qlobal tədarük zəncirlərindəki qeyri-sabitlik qızıla olan investisiya marağını gücləndirən əsas amillərdəndir.
Ümumilikdə, bu amillərin təsiri altında qızılın bir unsiyasının 4500 ABŞ dolları həddinə qədər yüksəlməsi mümkündür, uzunmüddətli perspektivdə isə daha yüksək diapazon da istisna edilmir. Bununla belə, bazarda müəyyən volatillik qalmaqda davam edəcək və qızıl yenə də sabit və etibarlı investisiya aləti statusunu qoruyacaq”.
Qeyd edək ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərin dəyəri 1.65% artıb və 4132 ABŞ dollarına bərabərdir.
Səhər saatlarında isə bu göstərici 0.25%-lik azalma ilə 4090.06 ABŞ dolları səviyyəsində olub.