BAKI, 17 iyul. TELEQRAF
2026-cı ilin iyununda may ilə müqayəsədə paytaxtda mənzillər bahalaşıb.
Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.
Məlumata görə, yeni tikililərdə mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalıb. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayim olub.
İnzibati rayonlar üzrə ən yüksək bahalaşma Səbail rayonunda qeydə alınıb. Belə ki, burada yeni tikililərdə qiymətlər 1,9%, köhnə tikililərdə 2,2%, kotlovan mərhələsində olan mənzillərdə isə 2,8% artıb.
Yasamal və Nəsimi rayonlarında yeni tikililərdə qiymətlər 1,8%, köhnə tikililərdə müvafiq olaraq 2% və 2,1%, kotlovondan olan mənzillərdə isə müvafiq olaraq 2,6% və 2,7% yüksəlib. Nərimanov və Xətai rayonlarında bu göstərici 1,7%, Nizamidə isə 1,6% olub. İyunda köhnə tikililərdə qiymətlər Nərimanov və Xətaidə müvafiq olaraq 1,8%, 1,7%, Nizami rayonunda isə 1,9% artıb. Kotlovan mərhələsində olan mənzillərdə isə Nərimanov və Xətai rayonları üzrə artım 2,4%, Nizamidə isə 2% olub.
Binəqədi və Suraxanı rayonlarında yeni tikililər üzrə qiymətlər 1,4%, Qaradağ və Xəzər rayonlarında 1,2%, Pirallahı rayonunda isə 1% bahalaşıb.