BAKI, 18 iyul. TELEQRAF

Ağ Ev nümayəndələri və Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino dünya çempionatının final oyunu öncəsi meşə yanğınlarının yarada biləcəyi riskləri müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalının müxbiri Rob Harris məlumat yayıb.

"Bu gün Ağ Ev nümayəndələri dünya çempionatının bazar günü keçiriləcək finalı ərəfəsində FIFA prezidenti Canni İnfantino ilə görüş keçirəcək. Görüşdə Nyu-York və Nyu-Cersi bölgəsindəki meşə yanğınlarından yayılan tüstünün sağlamlıq üçün mümkün təhlükələri müzakirə olunacaq", - deyə Harris "X" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Kanadadakı meşə yanğınlarından yayılan sıx tüstü Nyu-York şəhərini bürüyüb. IQAir məlumatlarına görə, şəhərdə hava keyfiyyəti indeksi 166 səviyyəsinə yüksəlib ki, bu da "sağlamlıq üçün zərərli" göstərici kimi qiymətləndirilir. Lakin günün sonuna doğru bu göstəricinin 50-60 aralığına enəcəyi gözlənilir.

2026-cı il futbol üzrə dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında keçiriləcək. Finalda Argentina və İspaniya milliləri qarşılaşacaq. Argentina millisi turnirin hazırkı qalibidir.