BAKI, 18 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp növbəti futbol üzrə dünya çempionatının ABŞ və Çində birgə keçirilməsi ilə bağlı zarafatla irəli sürülən ideyanı açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp Manhettendəki "Trump Tower" binasında FIFA prezidenti Canni İnfantino ilə keçirilən tədbirdə bu barədə danışıb.
ABŞ lideri bildirib ki, İnfantino ilə söhbəti zamanı növbəti dünya çempionatının yenidən ABŞ-da keçirilməsini təklif edib, lakin bu dəfə Meksika və Kanadanın ev sahibləri sırasına daxil edilməməsini zarafatla qeyd edib.
"Conni (Canni İnfantino - red.) isə başqa bir ideya verdi. O dedi ki, növbəti dəfə dünya çempionatını Çin və ABŞ-da keçirə bilərik. Beləliklə, oyunlar arasında qısa uçuşlar olacaq. Futbolçular bunu bəyənəcəklər", - deyə Tramp bildirib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Turnirin ilk üç qarşılaşması isə Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. 2034-cü il dünya çempionatı Səudiyyə Ərəbistanında təşkil olunacaq.
2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında baş tutacaq. Finalda Argentina və İspaniya milliləri qarşılaşacaq.