BAKI, 16 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq məhsul satılıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu vəsaitin 17,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatı qeyri-ərzaq mallarının alışına yönəldilib.

2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 525,7 manatlıq, o cümlədən 285,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 240,0 manatlıq qeyri-ərzaq malları alıb.