BAKI, 16 iyul. TELEQRAF
Dövlət Dəniz və Liman Agentliyi Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb.
Bu barədə Teleqraf-a Agentlikdən bildirilib.
"Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmələrini, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almalarını, habelə mümkün olduğu hallarda belə səfərlərdən çəkinmələrini tövsiyə edirik.
Eyni zamanda, gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda belə marşrutlardan istifadə etməməyə səsləyirik.
Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq," - deyə qurumun məlumatında qeyd olunub.