BAKI, 18 iyul. TELEQRAF

İraq Kürdüstanının paytaxtı İrbildə ABŞ-nin Baş Konsulluğu istiqamətində hərəkət edən dörd pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" telekanalı İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ-nin İrbildəki Baş Konsulluğunu hədəf almağa çalışan dörd pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitələri ilə vurulub.

Bildirilir ki, pilotsuz uçuş aparatları İrbil Beynəlxalq Hava Limanının yaxınlığında məhv edilib.

Hadisə nəticəsində mümkün dağıntılar və ya xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.