BAKI, 22 oktyabr. TELEQRAF
Bu ilin ikinci rübündə ölkədaxili fırıldaqçılıq əməliyyatlarında azalma qeydə alınıb.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, birinci rüblə müqayisədə rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11%, əməliyyatların sayı 27%, təsirə məruz qalan kartların sayı isə 19% azalıb.
Bununla yanaşı, ölkəxarici fırıldaqçılıq əməliyyatlarında əksinə, artım müşahidə olunub. İkinci rübdə bu tip əməliyyatların sayı 13,8%, məbləği isə 36,9% artıb. Təsirə məruz qalan kartların sayı da 16,8% yüksəlib.
Birinci rübdə fırıldaqçılıq əməliyyatlarının ümumi məbləği 616,9 min manat (430,9 min manat – ölkədaxili, 185,9 min manat – ölkəxarici) təşkil edirdisə, ikinci rübdə bu rəqəm 276,9 min manata (134,5 min manat – ölkədaxili, 142,4 min manat – ölkəxarici) enib.
Ölkədaxili əməliyyatlar üzrə fırıldaqçılıq hallarının sayı 992-dən 570-ə düşüb. Ən çox rast gəlinən fırıldaqçılıq növü hər iki rübdə hesab və kart məlumatlarının ələ keçirilməsi olub. Lakin bu kateqoriyanın payı birinci rübdə 68,8 faizdən, ikinci rübdə 44,47 faizə qədər azalıb. Ölkədaxili əməliyyatlarda elektron ticarət və mobil tətbiqlərin payı isə artaraq 96,9 faizdən 99,7 faizə yüksəlib.
Ölkəxarici əməliyyatlarda isə əksinə, fırıldaqçılıq hallarının sayı 3 626-dan 4 698-ə artıb. Ən çox rast gəlinən fırıldaqçılıq növü hər iki rübdə kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatlar olub. Bu kateqoriya üzrə pay 80,3 faizdən 81,2 faizə yüksəlib. Elektron ticarət və mobil tətbiqlər vasitəsilə edilən fırıldaqçılıq əməliyyatlarının payı isə 89,7 faizdən 87,3 faizə enib.