BAKI, 3 mart. TELEQRAF

"Çox danışmayacağam. Çox çalışdıq. Azarkeşlərə təşəkkür edirəm. Yaxşı oyunun şahidi oldular".

Teleqraf xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis gələcəkdə istədiklərinə nail olacaqlarını bildirib: "Hər şey qaydasındadır. Sadəcə, son nöqtəni qoya bilmirik. İnanırıq ki, növbəti tur "Kəpəz"lə oyunda problemimiz həllini tapacaq. Bütün fikrimiz bu oyuna yönəlib. O oyundan sonra bəlkə istədiyinizi eşidərsiniz. İstefa? Hər şey ola bilər. Futbolçuların intizamlı oyunu ən azı hər şeyi etdiklərini, sadəcə, qol imkanlarından yararlana bilmədiklərini göstərir".

Cavadov çətin dövr yaşadıqlarını etiraf edib: "Hansısa bir nəticəyə gəlmək istəmirəm. İstədiyimiz futbolçunu 90 dəqiqə meydanda saxlaya bilmirik. Bunun da səbəbi var. Mövsümün birinci yarısında bir şansımız olanda istifadə edirdik. İndi isə 2-3 fürsət yaradırıq, qol vura bilmirik. Əlimizdən gələni edəcəyik ki, komandanı bu durumdan çıxaraq. Bu klub 200 faiz Premyer Liqada qalacaq. Mən futbolçularıma və komandama əminəm. Onlara güvənirəm".

"Kəpəz" üzərində qələbəni vacib məqsəd sayan baş məşqçi bununla komandanı hazırkı durumdan çıxarmaq istədiklərini dilə gətirib: "Mənə gənc mütəxəssis kimi dəstəyinizdən məyus oluram. Halbuki yeni gəldiyim vaxt "Vaqif komandanı bu durumdan çıxardı" deyirdiniz. Rəhbərlik sağ olsun ki, hələlik dözür və inanır. Növbəti oyunlarda yaxşı dövrə keçəcəyimizə söz verirəm".