BAKI, 3 mart. TELEQRAF

Kanoe üzrə Azərbaycan milli komandasına ukraynalı legioner cəlb olunub.

Teleqraf xəbər verir ki, bu, ukraynalı Tatyana Smilovenkodur. 21 yaşlı idmançı daha əvvəl yeniyetmələr arasında Avropa və dünya çempionatlarının mükafatçısı olub.

Smilovenko Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə açıqlamasında Mingəçevirdəki "Kür" Təlim-Tədris Mərkəzində yaradılmış şəraitdən razılığını bildirib: "Məşqlərimiz yaxşı gedir. Əsasən hər gün və gündə iki saat məşq edirik. Bu, suda və ya idman zalında olur. Bəzən qaçırıq, hovuzda üzürük. Baza əlverişlidir, çünki, hər şey bir yerdədir, yaxındır. Harasa getməyə ehtiyac yoxdur. Komandanın mənə münasibəti yaxşıdır. Dostlarımla birlikdə komandada məşq edirik. Akademik avarçəkənlərlə də ünsiyyətdə oluruq. Ümumilikdə komanda yoldaşlarımla münasibət yaxşıdır".

Gənc kanoeçi qarşıdakı hədəflərindən də danışıb: "Dünya Kuboku, Avropa və dünya çempionatlarında gənclər və böyüklərin mübarizələrinə qatılmağı planlaşdırıram. Hədəfim olimpiadaya lisenziya və olimpiya medalı qazanmaqdır. Düşünürəm ki, bu, hər bir idmançının arzusudur".

Qeyd edək ki, Tatyana Smilovenko Ukrayna millisinin heyətində 2 nəfərlik və 4 nəfərlik kanoe qayıqlarında mübarizə aparıb. Azərbaycan yığmasında isə onun 1 nəfərlik qayıqla çıxış edəcəyi gözlənilir. Qadın kanoeçilər Tokio-2020 Yay Olimpiya Oyunlarından etibarən 1 nəfərlik qayıqla 200 metr, 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşlərdə çıxış edirlər.