BAKI, 3 mart. TELEQRAF

“Münasibətimiz çox yaxşı idi. Onunla şəxsi tanışlığımız da vardı. Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar 2014-cü ilin oktyabrın 14-də Bakıya gəlmişdi, hətta qonağım oldu. Eşitdi ki, həmin gün Hacı Əliyevin toyudur, bir yerdə toyda da iştirak etdik”.

Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti, hazırda Azərbaycan Ağırlıqaldırma Federasiyasında eyni vəzifədə çalışan Firdovsi Umudov martın 2-də dünyasını dəyişmiş sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev haqqında danışarkən deyib.

F.Umudov ürəyindəki problemlərlə əlaqədar 50 yaşında vəfat etmiş rusiyalı idmançının ölümünü dünya güləş ailəsi üçün böyük itki adlandırıb: "Əsrdə bir dəfə elə idmançı yetişir. Martın 11-i 50 yaşı olacaqdı, ancaq bu yaşınadək artıq əfsanə idi. Heç kəs ölümdən sığortalanmayıb.Tarixə düşmüş şəxsiyyət oldu".

Vitse-prezidentin sözlərinə görə, Saytiyev həm də xarakterli idmançı idi: "Buvaysar güləş aləminə bir nümunə idi. 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazandıqdan sonra Sidney-2000 olimpiadasında zədədən tam bərpa olunmadığı üçün 9-cu yeri tutmuşdu. Bundan sonra qarşısına məqsəd qoydu və Afina-2004 və Pekin-2008 olimpiadalarının qalibi oldu. Məğlubedilməz kimi də güləş döşəyini tərk etdi. Güləş ailəsinə başsağlığı verirəm”.

Qeyd edək ki, Buvaysar Saytiyev 74 kq çəki dərəcəsində üçqat olimpiya çempionluğu ilə bərabər, 6 qat dünya və eyni saytda Avropa çempionu olub.