BAKI, 28 fevral. TELEQRAF

Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu 4 oyunluq cəzalandırmağı qərara alıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, cəzanın yarısı "Qalatasaray"ın ünvanına irqçilik, yarısı isə oyunun sloveniyalı baş hakimi Slavko Vinçiçin briqadasındakı türkiyəli hakimi təhqir etməsinə görədir.

Türkiyə Super Liqasında XXV turun qolsuz yekunlaşan "Qalatsaray" - "Fənərbağça" oyunundan sonra portuqaliyalı mütəxəssis "Rəqib komandanın ehtiyat oyunçuları və məşqçiləri meymun kimi tullanırdılar" deyib.

"Sarı-qırmızılar" bu açıqlamanı rasizm kimi qəbul ediblər və məhkəməyə, o cümlədən, UEFA, FIFA-ya şikayət edəcəklərini bildiriblər.

Lakin 62 yaşlı mütəxəssis irqçilik ittihamını rədd edib. "Fənərbağça" isə bildirib ki, "Qalatasaray" Mourinyonun sözlərini manipulyasiya edir.