
BAKI, 18 fevral. TELEQRAF
“İcraiyyə Komitəsinin iclasında 4 illik hesabat dinlənildi və bəyənildi”.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə ilk iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iclasda MOK-un növbəti 4 il müddətinə planları müəyyənləşdirilib: “Təbii ki, əsas hədəfimiz Olimpiya Oyunları, Azərbaycanda Olimpiya hərəkatının inkişaf etdirilməsidir. Ona görə də əsas vəzifəmiz 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasına hazırlıqdan ibarətdir. İnanırıq ki, bu oyunlar bizim üçün daha uğurlu olacaq. Çalışacağıq ki, böyük komanda şəklində dördilliyin ən mötəbər turnirində iştirak edək. Təbii ki, bu, federasiyalarla birgə fəaliyyət nəticəsində reallaşa bilər. Ümid edirəm ki, MOK və milli federasiyalar sıx işləyəcəklər, Azərbaycan idmanında yeni uğurların əldə edilməsinə nail olacaqlar. İnanıram ki, bundan sonra da Milli Olimpiya Komitəsi fəaliyyətini yaxşı şəkildə davam etdirəcək və Prezident İlham Əliyevin rəhbərliyi altında idmanda yeni uğurlar qazanacağıq”.
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş məclisində Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər. Çingiz Hüseynzadə, cüdo üzrə Olimpiya çempionu E.Məmmədli və keçmiş voleybolçu A.Həsənova İK-in yeni üzvləridir.