
BAKI, 4 mart. TELEQRAF
Növbəti qış mövsümünün əvvəlinə qədər Avropanın yeraltı qaz anbarları boşalacaq. Hazırda Avropa mavi yanacaq ehtiyatlarından sürətlə və qənaətsiz istifadə edir.
Teleqraf xəbər verir ki, bu barədə “Qazprom” məlumat yayıb.
Rusiya enerji holdinqinin istinad etdiyi "Gas Infrastructure Europe"un (GIE) məlumatına görə, fevralın 28-də Avropanın yeraltı qaz anbarlarında 39,2 milyard kubmetr qaz olub. Bu, anbar həcminin 38,5 faizidir.
“Qazprom” qeyd edib ki, mavi yanacağın israfı orta göstəricisi ötən mövsümlə müqayisədə 36%, əvvəlki on ilin orta göstəricisindən isə 22% çoxdur. Bu, hazırda rayonda iqlim normasına uyğun gələn hava şəraiti ilə əlaqədardır.
Holdinqin məlumatına görə, Avropa ölkələrinin bu qış üçün hazırladığı qaz ehtiyatları yanvarda tam tükənib.
"Qazprom" əlavə edib ki, etibarlı qaz mənbələrinin azaldığını nəzərə alsaq, Avropa üçün bu yay yeraltı qaz anbarlarını doldurmaq və qışa hərtərəfli hazırlaşmaq çətin olacaq.