BAKI, 29 yanvar. TELEQRAF
Qazaxıstanın "Kayrat" klubu rusiyalı futbolçu Yeqor Sorokin ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sorokin Çempionlar Liqasının bütün oyunlarında əvəzedilmədən meydanda olub. O, “Real”, “İnter” və “Arsenal”a qarşı matçlarda da iştirak edib. “Kayrat” turnirdə cəmi 1 xal toplayaraq turnir cədvəlində sonuncu, 36-cı yeri tutub.
Qeyd edək ki, 30 yaşlı futbolçu “Kayrat”da çıxış etdiyi bir il yarım ərzində iki dəfə Qazaxıstan çempionu olub və ölkə Superkubokunu qazanıb. Sorokinin “Seltik”lə penaltilər seriyasında vurduğu qol Almatı klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb. Qazaxıstan çempionatının 2025-ci il mövsümündə Sorokin 22 oyunda meydana çıxıb və 1 qol vurub.