BAKI, 15 sentyabr. TELEQRAF
Türkiyə ilə Azərbaycan arasında media sahəsinin bütün istiqamətləri və seqmentləri üzrə çox sıx əməkdaşlıq var. Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu mühüm əhəmiyyət daşıyır. Türkiyənin Azərbaycandakı səfirliyi və mətbuat müşavirliyi, eyni zamanda Azərbaycanın Türkiyədəki səfirliyi və aidiyyəti qurumları ilə sıx münasibətlərimiz mövcuddur və olduqca səmərəli fəaliyyət göstərirlər.
Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi bildirib.
Son zamanlar dezinformasiya və informasiya manipulyasiyası fonunda təhdidlərə toxunan F.Pirinççi bu istiqamətdə Azərbaycanda aidiyyəti qurumlarla əməkdaşlığın davam etdiyini bildirib:
"Bundan sonra da bu fəaliyyətimizi daha da genişləndirərək davam etdirəcəyik".
Türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək istiqamətində gözləntilərə gəlincə, F.Pirinççi ötən ilin noyabrında Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumunu xatırladıb: "Hər il media forumu təşkil edirik. Ötən il bu tədbir Azərbaycanda keçirildi. Bu il isə toplantının oktyabrın 15-də Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulur. Daha sonra Türkiyədə keçiriləcək Zirvə görüşü çərçivəsində də birgə həyata keçirməyi planlaşdırdığımız bir sıra tədbirlər var. Təbii ki, bu cür layihələr ortaq fəaliyyət və əməkdaşlığın koordinasiyasının daha da gücləndirilməsinə xidmət edir. Hesab edirəm ki, qarşıdakı dövrdə bu istiqamətdə mühüm irəliləyişlər əldə edəcək və əməkdaşlığımızı daha da dərinləşdirəcəyik".