BAKI, 15 sentyabr. TELEQRAF

Yəmənin hökumət qüvvələri “Ənsarallah” Hərəkatının (husilər) Taiz hava limanındakı raket buraxılış qurğularını bombardman edib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Hadath” məlumat yayıb.

Yəmən ordusu Taiz vilayətinin cənubundakı Xədiyr rayonunda da husilərin mövqelərinə zərbələr endirib.

Vilayətin qərbində və şərqində hərbi gərginlik artıb. Husi birləşmələri hücum və sızma cəhdləri etdikdən sonra hökumət qüvvələri ilə şiddətli toqquşmalar baş verib. Yəmən ordusu husilərin irəliləmə cəhdlərinin qarşısının alındığını açıqlayıb.

Bölgənin qərbində yerləşən və Taizlə Moka şəhərlərini birləşdirən yolda yerləşən Kədhə ən gərgin nöqtələrdən biridir. Cəbəl Həbəşi və Məqbənə ətrafı, eləcə də Zü Bab və Moka da gərginliyin yüksək olduğu ərazilərdir.