BAKI, 15 sentyabr. TELEQRAF

Xocavəndə qayıdan ailələrə evlərinin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə qayıdan ümumilikdə 50 ailəyə sahib olduqları mənzillərin açarları təqdim edilib.

Doğma yurda qayıdan sakinlər ANAMA əməkdaşları tərəfindən marifləndirlib. Onlara ərazilərin yıhlükədən tam təmizlənmədiyi barədə məlumat verilərək gördükləri, tanımadıqları əşyalara,cisimlərə əl vurmamaları barədə tapşırıqlarını verib

***

13:19

Növbəti köç karvanları Xocavənd şəhərinə, eləcə də rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, bu gün səhər saatlarında yola salınan 33 ailə Xocavənd şəhərinə çatıb.

Doğma yurda qayıdan ailələrə sahib olduqları evlərin açarları təqdim ediləcək. Qeyd edək ki, Xocavəndə köçürülən ailələr bu günədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Eyni zamanda, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 9 ailə (44 nəfər), Quzeyxırman kəndinə isə 8 ailə (41 nəfər) köçürülüb. Beləliklə, bu mərhələdə ümumilikdə 17 ailə (85 nəfər) sözügedən yaşayış məntəqələrinə çataraq məskunlaşıb.

Sakinlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir.

Raul Muradlı

***

06:32

Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.