.png)
BAKI, 7 aprel. TELEQRAF
“Qarabağ” komandası Azərbaycan Premyer Liqasının XXIX turunda evdə “Zirə”nin 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra "Qarabağ"ın və Monteneqro millisinin futbolçusu Marko Yankoviç Teleqraf-a müsahibə verib. 30 yaşlı yarımmüdafiəçi klubunun nəticələri ilə yanaşı, digər sualları da cavablandırıb:
- “Zirə” ilə oyunu necə şərh edərdiniz?
- Çətin oyun oldu. Turnir cədvəlində ikinci yerdə gedən komandaya qarşı oynadıq. Bizim üçün əsas 3 xal idi. Bu qələbə ilə çempionluğa daha da yaxınlaşdıq.
- Erkən qola sevinsəniz də, ardı gəlmədi. Bu, rəqibin daha yaxşı müdafiə olunması ilə əlaqədar idi?
- 1:0 da 3 xal deməkdir. Epizodlarımız oldu, amma növbəti qolu vurmaq alınmadı. Amma bu nəticə də bizim üçün yaxşıdır.
- Növbəti tur “Səbail”lə oyunda erkən çempionluğu təmin edə bilərsiniz...
- Qələbə qazanmağa çalışacağıq. Amma eyni zamanda "Zirə"nin də "Neftçi"yə uduzması lazımdır. Əlbəttə, növbəti çempionluğu qeyd etmək istərdik.
- İkinci pillə ilə aranızda 15 xallıq fərqin olması sizdə bir qədər rahatlıq yaratmır?
- Çətin sualdır. Ötən mövsüm də 20 xal idi, ondan əvvəlki mövsüm də elə idi. Məqsədimiz çempion olmaq və Çempionlar Liqasına yollanmaqdır. Hədəfimiz budur və bunu hər il etməliyik. Çempionatın səviyyəsi barədə şərh vermək mənim işim deyil. Yalnız öz komandamın nəticələrinə görə məsuliyyət daşıyıram.
- Azərbaycan Kubokunun ilk yarımfinal oyununda “Araz-Naxçıvan”a məğlub oldunuz. Cavab görüşündə geridönüş edəcəyinizə inanırsınız?
- Cavab oyunu maraqlı olacaq. Hazırda 0:1 hesabı ilə geridəyik. Qol vurmağa və finala vəsiqə qazanmağa çalışacağıq. “Səbail” və "Neftçi" ilə oyunlarımızdan sonra bu matça ciddi hazırlaşacağıq. Maraqlı oyun olacaq.
- Cari mövsümdə öz performansınızı necə qiymətləndirirsiniz?
- Bunu Qurban Qurbanovdan soruşa bilərsiniz.
- DÇ-2026-nın seçmə mərhələsində dəvət aldığınız Monteneqro yığması qrupdakı ilk 2 oyununu qələbə ilə başa vurub. Bu barədə nə deyərdiniz?
- Hər komanda kimi böyük çempionatlara vəsiqə qazanmaq istəyirik. Balaca ölkəyik, böyük komandalara qarşı oynamaq bizim üçün çətindir. Çalışırıq ki, oynayaq, qələbələr qazanaq.