BAKI, 7 aprel. TELEQRAF

"Sabah" klunun bosniyalı müdafiəçisi Boyan Letiç və "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı Letiçin yubiley matçı XXIX turun “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib.

Əlamətdar göstəriciyə "bayquşlar"ın heyətində imza atan Letiç bu matçlarda 4 qol vurub.

Onun debütü 2022-ci il fevralın 27-də “Neftçi” ilə ev qarşılaşmasına (0:1) təsadüf edib. O, 100 oyunun hamısını "Sabah"ın heyətində keçirib.

Andrade isə eyni turun "Zirə" ilə ev oyununda 100-cü matçına çıxıb. 25 yaşlı futbolçu bu görüşlərdə 32 qola imza atıb. O, Premyer Liqada 2022-ci il fevralın 7-də "Neftçi" ilə səfər qarşılaşmasında debüt edib.

Qeyd edək ki, "Sabah" "Kəpəz"ə 0:1 hesabı ilə uduzub, "Qarabağ" isə eyni hesabla "Zirə"ni məğlubiyyətə uğradıb.