ŞAMAXI, 7 aprel. TELEQRAF

"Çətin dönəm yaşayırıq".

Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Mübariz Orucov səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.

Baş məşqçi Samir Abasov cəzalı olduğu üçün jurnalistlər önünə çıxan köməkçisi komandada zədəli futbolçuların çoxluğundan gileylənib: "Bu gün xəsarət alan Emil Səfərovun çiynində problem var. Onun növbəti oyunlarda komandaya kömək edəcəyi sual altındadır. O da zədəlilərin sırasına qoşuldu. Rafael Quzzo da məşqlərə yeni başlamışdı. Bu gün ondan istifadə etdik, amma deyəsən yenidən zədələndi. Hər iki futbolçunun durumundan məlumatımız yoxdur, həkimlərlə söhbət edəcəyik. Mövsümün əvvəlində hazır olmadıqları üçün yüklənib zədələnirlər. Çalışırıq ki, bu durumdan çıxaq".

Bütün çətinliklərə rəğmən, Orucov hər oyuna qələbə üçün çıxdıqlarını vurğulayıb: "Premyer Liqada mümkün qədər yüksək yer tutmaq, kubokda isə finala çıxıb qələbə qazanmaq istəyirik. Nə dərəcədə alınacaq, nə dərəcədə bacaracağımızı zaman göstərəcək. Zədəlilərimiz çox olduğu üçün bir az ehtiyatlı danışıram. Amma şans varsa, həmin şansdan istifadə edəcəyik".

O, "Sabah"ın baş məşqçisi Vasili Berezutskinin "Neftçi"nin futbolçusu Elvin Camalov barədə dediyi fikirlə bağlı məlumatının olmadığını deyib: "Bu sualı mən cavablandırmayım. Camalovun hansı hərəkətini nəzərdə tutduğunu bilmirəm".

Orucov "Neftçi"nin hansı turnirə daha optimal heyətlə hazırlaşacaqlarına baş məşqçi Samir Abasovla ümumi vəziyyəti dəyərləndirərək qərar verəcəklərini bildirib.