BAKI, 7 aprel. TELEQRAF

“Penaltidən fərqlənə bilmədiyim üçün məyusam".

Bu sözləri Teleqraf-a açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev Azərbaycan Premyer Liqasında XXIX turun "Qarabağ"la səfər oyununun 90+9-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməməsi barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi qarşıdakı oyunlarda yenə belə şans olduqda maksimum yararlanmağa çalışacağını bildirib: "Bu cür oyunun sonunda heç-heçə daha yaxşı olardı. O epizodla bağlı deyiləcək başqa söz yoxdur”.

Alıyev komandası ilə lider arasındakı xal fərqinin 15-ə çatmasına baxmayaraq, növbəti matçlarda xal itkisi yaşamamağa çalışacaqlarını qeyd edib: “Bilirdik ki, “Qarabağ” addım-addım çempionluğa yaxınlaşır. Bizim üçün də vacib oyun idi. Çox maraqlı oyun alındı. Təəssüf ki, məğlub olduq. Qarşıdakı turun “Neftçi” ilə oyununa hazırlaşacaq, bu matça köklənəcəyik”.

Kapitan "Zirə"nin növbəti turlarda ikinci pillədəki yerini qoruyub gümüş medal üçün mübarizə aparacağını vurğulayıb: “Qarşıda bizi bir-birindən maraqlı, finala bərabər oyunlar gözləyir. Əsas məqsədimiz ikinci yeri tutmaqdır. Mövsümün sonunda avrokuboklara yollanmaq istəyirik”.

Qeyd edək ki, hazırda 55 xala malik “Zirə” ən yaxın izləyicisi "Araz-Naxçıvan"dan 7 xal öndədir. Lakin Naxçıvan təmsilçisi XXIX turun "Sumqayıt"la oyununu bu gün keçirməlidir.