
BAKI, 7 aprel. TELEQRAF
Moldova Super Liqasında çıxış edən "Belts" komandasının baş məşqçisi Vyaçeslav Rusnakın "Şerif"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı cəmi 8 saniyə çəkib.
Teleqraf xəbər verir ki, 50 yaşlı mütəxəssis jurnalistlər önündə çox qısa danışıb.
"Bu gün "Şerif" - "Belts" oyunu idi. "Şerif" 2:1 hesabı ilə qalib gəldi. Çox sağ olun", - deyə o bildirib.
Rusnakı belə davranışa oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə meydandan qovulması sövq edib.
Qeyd edək ki, qısa mətbuat konfransı daha əvvəl Azərbaycan Kubokunda "Neftçi"ni səfərdə 2:1 hesabı ilə yenən "Sabah" komandasının baş məşqçisi Vasili Berezutskinin iştirakı ilə baş verib. Rusiyalı mütəxəssis 15 saniyəlik çıxışında 11 yox, hakimlərlə birlikdə 14 nəfərə qarşı çıxış etdiklərini bildirərək, jurnalistlərin suallarını gözləmədən mətbuat konfransını tərk edib.