BAKI, 6 aprel. TELEQRAF

"Zirə" ağıllı müdafiə qurmuşdu".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis oyunun gərgin keçdiyini bildirib: "Futbolçular matçın sonunda yorulmuşdular, çox zəhmət çəkdilər. Rəşad Sadıqovu təbrik etmək istəyirəm. Hər oyundan-oyuna daha da mübariz komanda formalaşdırır. Rəqib ağıllı müdafiə qurmuşdu. Bəlkə də ən az imkan əldə etdiyimiz oyun idi. Düşünülmüş hücumları var idi. Onlara uğurlar arzu edirəm".

O, Kadi Borgesin gəlişindən sonra Yassin Benziyanın mövqeyinin dəyişməsindən söz açıb: "Onun həmin mövqedə oynamasından razıyam, çünki oyunu oxuya bilir. Bu gün ola bilər daha yorğun idi. Tək o yox, bir çox futbolçular yorğun idi. Ümumən Benziyanın çıxışından razıyam, mənim istədiklərimi meydanda verən futbolçudur".

Qurbanov Kadi Borgesin zədələnərək əvəzlənməsi barədə bunu deyib: "Ağrıları var idi deyə özü çıxmaq istədi. Böyük ehtimal ciddi olmayacaq. Ayağında şiş var idi. Növbəti günlərdə durumunu daha ətraflı biləcəyik".

Baş məşqçi Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Araz-Naxçıvan"la oyunda planşeti qırmasına görə AFFA İcraiyyə Komitəsi tərəfindən cəzalandırılmamasını şərh edib: "Nəyə görə cəzalanmalı idim? Nə hakimin üzünə etiraz etdim, nə də meydana girdim. Epizoda baxsaq görərik ki, tək hakimə yox, həm də öz futbolçuma hirslənirəm. Çünki belə bəsit epizodlarda daha dəqiq olmalı idi. Oyundan kənar epizod idi. Ziyanı da özümüzə vurmuşam.

"Qarabağ" kollektivin rəhbəri erkən çempion ola biləcəklərini istisna etməyib: "15 xal ciddi rəqimdir. Bundan qabaq deyəsən 12 xal öndə idik. Hiss olunur ki, futbolçularda arxayınçılıq var. Niyə üzərilərinə çox getmirəm? Neçə illərdir gərgin mövsüm keçiririk. Futbolçularda fiziki və psixoloji yorğunluq olur. Hətta futboldan sanki doyublar. O qədər yorğun olurlar. Bəzən belə oyunlarda sanki oynaması mənim gələcək planlarım üçün daha faydalı olur. İlboyu bunlardan nə qədər tələb etmək olar? Ciddi olmalıyıq, qalib gəlməliyik. 3-5 il o bazanı yığıb-saxlayır. Sonra tükənir. Futbolçularda indi o haldır. Özümü məşqçi olaraq toparlamağa çalışıram. Mənim də yorğun və ya hazır olduğum vaxtlarım olur. Turnir cədvəlindəki vəziyyətin belə olması futbolçularıma da böyük faydası olacaq. Daha rahat çıxarlar meydana. Bütün oyunlara qələbə üçün çıxacağıq. Qələbə ruhunu qorumaq istəyirik".

Qurban Qurbanov növbəti mövsüm UEFA Çempionlar Liqasının seçmə mərhələsində iştirak etmələri barədə danışıb: "Bizə sərf edən minimum 3-cü mərhələdir (gülür). Ən azından Avropa Liqasını təmin etmiş olarıq. Birinci mərhələdən başlamaq bizə çox böyük zərbə olardı. İstəyərdim ki, ikinci turdan başlayaq".

O, komandasının bu mövsüm iki kubok qazanmaq ehtimalı olduğunu deyib: Nə qədər demişəm ki, istəmirəm ikisini qazanım? Azarkeşlər məndən bunu tələb etmirlər. Onlar bilirlər ki, uğurlar istəyirəm. Futbol elədir ki, tələb çox da düzgün yanaşma deyil. Hamı titul qazanmaq istəyir. Bir-birimizə dayaq olmalıyıq, uğurda da, uğursuzluqda da".

Qurban Qurbanov Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarında əcnəbi hakimə ehtiyac olmadığını deyib.