BAKI. 29 mart. TELEQRAF

Tovuz şəhər stadionunun süni örtüklü meydanı avqust-sentyabr aylarında təbii örtüklə əvəzlənəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın baş katibi Cahangir Fərəcullayev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və digər qonaqlara gələcək planlar barədə danışarkən bildirib.

Klub rəhbəri növbəti mövsümdə azarkeşlərdən uzaq qalmaqdan narahat olduğunu qeyd edib:

“AFFA və PFL rəhbərliyinə dəstəklərinə görə təşəkkürümü bildirirəm. Yeni əsas korpus binasının tamamlanmasından sonra Kürdəxanı layihəsi və digər infrastruktur layihələrimizə davam edirik. Yaxın günlərdə stadionumuzun UEFA standartlarına gətirilməsi üçün tələbləri yerinə yetirməyə başlayacağıq. Avqust-sentyabr aylarında Tovuz şəhər stadionunun meydançasını təbii örtüklə əvəzləməyi nəzərdə tuturuq. Lakin bir məqam məni narahat edir. Azarkeşlərimizin unikallığı, möhtəşəmliyi, komandalarına bağlılığı hər kəsə məlumdur. Mən komandanın azarkeşlərdən ayrı qalmasını düşünə bilmirəm. Qəbələdə, Bakıda, Sumqayıtda oynamaq bu dəstəkdən məhrum olmaqdır. Azarkeşlərimiz həqiqətən bizim 12-ci oyunçumuzdur".

Quliyevin sözlərinə görə, Tovuza yaxın olan Gəncə şəhər stadionunun III MDB Oyunlarına hazır olması gözlənilir. Burada futbol yarışları da müəyyən müddət davam edəcək: "MDB Oyunları zamanı klubların orada oyun keçirməsinin nə dərəcədə real olduğunu hələ bilmirik. Ona görə də həm AFFA, həm də PFL rəhbərliyindən növbəti mövsümün birinci dövrəsinin bütün oyunlarını səfərdə keçirmək üçün köməklik göstərmələrini rica edirəm. Qeyd etdiyim kimi, bunu azarkeşlərimizdən, o möhtəşəm atmosferdən uzaq qalmamaq üçün istəyirik”.