TOVUZ, 30 mart. TELEQRAF

"Kəpəz" komandası Azərbaycan Premyer Liqasının XXVIII turunda "Səbail"i qəbul edib.

Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə ilk qolu 41-ci dəqiqədə Gəncə təmsilçinin futbolçusu Şevroni Mabatşoev vurub. 68-ci dəqiqədə "dənizçilər"in üzvü Dmitro Litvin bərabərlik qolunun müəllifi olub.

Paytaxt klubunun heyətində Mert Çelik zədələnərək 81-ci dəqiqədə meydanı tərk edib. O, yerini Emin Rüstəmova verib.

Bu nəticədən sonra "Səbail" 19 xalla sonuncu, "Kəpəz" isə 24 xalla 9-cu sırada qərarlaşıb.

Turun digər oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib, “Neftçi” - “Araz-Naxçıvan” matçında 1:1, "Sumqayıt" - "Sabah" görüşündə isə 3:3 hesablı bərabərlik qeydə alınıb.

Qeyd edək ki, XXVIII turun son oyununda "Zirə" "Şamaxı"nı qonaq edəcək. Zirə İdman Kompleksində baş tutacaq matç saat 18:00-da start götürəcək.