
TOVUZ, 30 mart. TELEQRAF
“Rəqobin standart vəziyyətlərdən istifadə edəcəyini bilirdik”.
Teleqraf xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov evdə "Səbail" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis iki fərqli hissə izlədiklərini bildirib: “İlk hissədə daha yaxşı idik, ikincidə isə əks-hücumlarda oynamaq istədik, amma sonuncu ötürmələrimiz alınmırdı. “Səbail”in ucaboy futbolçularına görə standart vəziyyətlərdən istifadə edəcəyini bilirdik. Qolu da standartdan buraxdıq. Qələbə qazana bilsəydik, turnir cədvəlində yerimiz daha da yaxşılaşacaqdı. Bizi irəlidə daha maraqlı mübarizə gözləyir".
Baş məşqçi komandasının yuxarı pillələrdəki klublara qarşı daha rahat oynadığını vurğulayıb: “Rəqibimiz olan komandalarla oyunlarda psixoloji gərginlik olur. Uduzmaq, xal itirmək istəmirsən. Komanda "Neftçi", "Qarabağ", "Sabah"la daha rahat oynayır. Bu, məncə, sırf psixoloji problemdir".
Bağırov Gəncə təmsilçisinin yeni transfer etdiyi Conston Omurva barədə danışıb: “Mərkəz müdafiəçisi mövqeyi ilə bağlı problemimiz var idi. Bu gün İlkin Qırtımovu zədəli halda meydana buraxdıq. Bir oyunçunu itirəndə böyük rotasiyalar edə bilmirik. Yerli oyunçu sarıdan da problemlərimiz var".
Baş məşqçi Yeqor Xvalkonun ehtiyatda qalmasının səbəbini açıqlayıb: “Qırtımov "Qarabağ"la matçda yaxşı təsir bağışladı, həftəni də yaxşı keçirmişdi. Böyük dəyişikliklər etmək istəmədik. "Qarabağ"a qarşı yaxşı müdafiə olunmuşduq. Xvalko neçə ildir komandamızın üzvüdür. Yerli oyunçu yoxdur deyə, rotasiyalar etməyə çalışırıq. İlkini start heyətində oynatmaqla irəli xətdə legioner oynada bilirik. Qabağa yerli futbolçulardan kimisə qoysaq, hücum rəngarəng olmayacaq”.
O, komandanın daxilində olan problemlər barədə danışmaq istəmədiyini bildirib: “Futbolçulara siqnalım var idi, onlar da bunu başa düşdülər. Komandanın içində olan bizimlə qəbrə qədər getməlidir”.
Bağırov "Kəpəz"in turnir cədvəlində “Səbail”dən 5 xal irəlidə olmasını elə də böyük fərq hesab etməyib: "İki oyun uduzsaq, rəqib isə qələbə qazansa, yerlər dəyişəcək”.